A–
Berlin, 1 fevral, AZƏRTAC
Almaniya hökuməti Xristian-Sosial İttifaqın (XSİ) sədri Horst Zeyehoferin Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi ideyasını dəstəkləyir.
Reuters agentliyi bu barədə fevralın 1-də AFR hökumətinin adının çəkilməsini istəməyən nümayəndəsinin sözlərinə istinadla xəbər verib. Xəbərdə deyilir ki, Rusiyanın siyasətinə münasibətdə Avropanın mövqeyi Zeyehoferə məlumdur. O, Ukraynanın şərqində vəziyyətin sabitləşdirilməsi üçün Almaniya və Fransanın səylərindən də xəbərdardır.
Horst Zeyehoferin iqtisadi nümayəndə heyətinin rəhbəri kimi Moskvaya səfəri fevralın 4-nə planlaşdırılıb. Almaniyada hakim “qara-qırmızı” koalisiya XSİ liderinin Moskvaya səfər etmək planlarını birmənalı qarşılamayıb. XDİ-nin parlament fraksiyasının xarici siyasət üzrə eksperti Roderix Kizevetter hətta nəzərdə tutulan səfərin ləğv olunmasını tələb edib.
Zeyehofer isə öz növbəsində bildirib ki, onun Rusiya Federasiyasına səfəri AFR kansleri Angela Merkel və ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə razılaşdırılıb. XSİ liderinin sözlərinə görə o, Rusiyaya münasibətdə paralel, AFR-in rəsmi xarici siyasətindən fərqli xarici siyasət kursu qurmaq deyil, Bavariya ilə Moskva arasında ənənəvi tərəfdaşlıq münasibətlərini dəstəkləmək niyyətindədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin