Bakı, 13 fevral, AzərTAc
Böyük çayların yaz daşqını Mərkəzi Asiya və Cənubi Qafqazın iqtisadiyyatına böyük zərər vurur. Bu regionun ölkələri ən çox zəlzələ, torpaq sürüşməsi, uçqun, sel, quraqlıq və ekstremal temperatur kimi təbii və texnogen fəlakətlərə məruz qalır. Regionda 1980-ci ildən 2010-cu ilədək 130 təbii fəlakət qeydə alınıb. Bu fəlakətlər isə 14 milyon insana ziyan vurub, 3,8 milyard ABŞ dolları miqdarında həcmində iqtisadi itkilərə səbəb olub.
AzərTAc BMT-nin sayta istinadla xəbər verir ki, bu barədə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin nazirlərinin Bişkekdə keçirilən görüşündə bildirilib.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi toplantıda son illərdə region ölkələrinin transsərhəd ekoloji problemlərlə üzləşdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, hər il Mərkəzi Asiyanın ən böyük çayları Amu Dərya və Sır Dəryanın yaz aylarında daşması nəticəsində regionun iqtisadiyyatına böyük zərər dəyir. Zəlzələlər əhalinin ən çox cəmləşdiyi ölkələrin sərhədlərində problemlər yaradır.
Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində təbii fəlakət risklərinin azaltmaq üçün birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, region ölkələrinin nümayəndələri yerli hakimiyyət orqanları, beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları, eləcə də vətəndaş cəmiyyəti və yerli icmaların nümayəndələri ilə birgə bu sahədə fəal əməkdaşlıq etməlidirlər.