“Mən toy müğənnisi deyiləm”. Lent.az-ın məlumatına görə, bu sözləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı olan müğənni Ayan Babakişiyeva toy biznesindən söz açarkən deyib: “Sənətə gəldiyim gündən müsahibələrimdə demişəm ki, mən toy ifaçısı deyiləm. Hələ bu günə qədər şou proqramlara getməmişəm. Bu yaxınlarda aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədə belə bir status paylaşmışdı ki, idarə etdiyi toydan 370 manat qonorar alacaq. Açığı, birinci bu açıqlamaya güldüm. Amma sonra normal qarşıladım ki, bu insanın ailəsi var. Haradansa qazanc yeri olmalıdır”.

Qeyd edək ki, S.Kərəmoğlu bir müddət öncə açıqlamasında bildirib ki, toylara 370 manat qonorar müqabilində gedəcək: "Kimlərsə məni qınayacaq, kimlərsə "əhsən" deyəcək. Amma bir həqiqət var ki, son günlər nələrin baş verdiyindən hamı xəbərdardır. Biz qiymətləri qaldırmaqla nəyəsə nail olsaq da, gec olacaq. Kim toya neçəyə istəyir getsin. Mən belə qərar verdim. "Damla-damla göl olar" deyib atalar. Düşünün ki, normal vətəndaş ayda nə qədər əməkhaqqı alır. Bəs bizim onlardan üstün tərəfimiz nədir? Tanınmaq və ulduz olmaq? Boş şeydir, adam olmaq lazımdır. Bir vaxtlar 3-5 min dollara toylara getdim. İndi də ara-sıra gedirəm. Mən beləyəm, bəyənməyən getsin. Bəyənən inanıb, zəng etsin".