A–
Bakı, 3 fevral, AZƏRTAC
Ölkəmizi Dünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu yeni mövsümdə ikinci görüşünü keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi fevralın 5-də Boks Mərkəzində liqanın debütantı “Uzbek Tigers”lə qarşılaşacaq.
Özbəkistan təmsilçisi 1-ci turda səfərdə Puerto-Riko komandasını 5:0 hesabı ilə məğlub edib. “Uzbek Tigers”in heyətində cari mövsümdə millinin ən güclü boksçuları cəmləşib.
Komandalar artıq heyətlərini açıqlayıblar. Belə ki, “Baku Fires”in heyətində Məhəmməd İbiyev (52 kq, “Baku Fires”) Abrorjon Kadırov (“Uzbek Tİgers”), Hasan Arsunkayev (60 kq) Elnur Abdurraimov, Yevgeni Ramaşkeviç (69 kq) Dostonbek Turdiyev, Mixail Dolqolivets (81 kq) Şuxrat Abdullayev və Arslanbek Mahmudov (91 kq-dan yuxarı) isə Sərdor Abdullayevi sınağa çəkəcək.
Özbəkistan komandası Bakıya güclü heyətlə gəlib. A.Kadırov hazırda yaxşı formadadır. O, ötən il həm Almaniyada, həm də Qroznıda keçirilən beynəlxalq turnirlərin qalibi olub. E.Abdurraimov da qonaq komandanın ən təcrübəli boksçularındandır. E.Abdurraimov ötən il Qətərdə keçirilən dünya çempionatında bürünc medala layiq görülüb.
M.Dolqolivetsin rəqibi iyirmi altı yaşlı Şuxrat Abdullayev hələ 2011-ci ildə Asiya çempionatında birinci yerə sahib olub. O, uzun illərdi ki, Özbəkistan millisinin heyətinə cəlb edilir. A.Mahmudovla üz-üzə gələcək S.Abdullayev də bizə yaxşı tanış olan boksçudur. İkiqat dünya, Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı, milli komandamızın üzvü Məhəmmədrəsul Məcidov iki dəfə Özbəkistan boksçusunu məğlub edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə üç xalla “Uzbek Tigers” (1 görüş, qələbə sayı 5:0) başçılıq edir. Eyni xala malik “Astana Arlans” ikinci yerdə qərarlaşdığı halda, ilk görüşlərini məğlubiyyətlə başa vuran “Baku Fires” və “Puerto Rico Hurricanes” son iki pilləni bölüşürlər.