A–
Bakı, 4 fevral, Nihad Budaqov, AZƏRTAC
Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin operatoru olan BP şirkəti layihə üzrə iş öhdəliyinin bir hissəsi olaraq hazırladığı Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi ictimaiyyətin iştirakı ilə müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, müxtəlif qurumların, vətəndaş cəmiyyətinin və QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə “BP Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı əsas məqsədin sənədin daha da təkmilləşdirilməsi ilə bağlı rəy və təklifləri öyrənmək olduğunu deyib. Bildirilib ki, sənəddə layihənin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılıb və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər göstərilib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalanıb.