"Zenit"in müdafiəçisi Domeniko Krişito Rusiya mediasının suallarını cavablandırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan futbolçu komandanın hazırlığı, ÇL-da 1/8 final oyunu və başqa mövzulara aid açıqlama verib.

- Bir neçə gün öncə Instagram hesabında qəmli şəklini paylaşmışdın. Nə baş vermişdi?

- Hərarətim vardı. Məşq edə və oynaya bilmirdim. Məşq toplantısı mövsümdə sevilən period deyil. Hazırlıq oyunlarına kənardan baxmaq isə lap kədərlidir. Portuqaliyada vaxtımızı yaxşı keçiririk. Amma xəstə olanda bir müddət tək qalmalı oldum.

- Qış istirahətini harda keçirdin?

- Həyat yoldaşımla Mayami-Orlando-Baham adaları marşrutunu seçmidik. Aksel Vitsel də ailəsilə oxşar istiqamətdə səyahət edirdi. Bir-birimizin planından öncədən xəbərdardıq. Onunla vaxt keçirmək xoşuma gəlir.

- Amerika səfəri həmin ölkə ilə bağlı hansısa planlarına dəlalət etmir ki? Bəlkə, MLS klubuna keçmək istəyirsən?

- Xeyr, belə fikrim yoxdur. "Zenit"lə hələ 2 illik müqaviləm var. MLS-də artıq italyan futbolçu - Covinko çıxış edir. Gələcək haqqında düşünmək üçün vaxt olacaq.

- Qış fasiləsində İtaliyaya qayıdacağın barədə xəbərlər gəzirdi...

- Hər 6 aydan bir, transfer pəncərəsi açılan kimi belə söhbətlər olur. Doğrusu, belə xəbərləri oxumaq mənə maraqlı gəlir. Son dəfə adımın "Roma" və Luçano Spaletti ilə birlikdə hallandığını bilirəm. Guya mənə zəng də edib. Belə şey heç olmayıb.

- Spalettinin "Roma" klubuna baş məşqçi təyin olunmasını necə qarşıladın?

- Onun, nəhayət ki, "Roma"ya qayıtmasından sevindim. Spaletti gözəl məşqçidir və "Roma" kimi klubda çalışmağa layiqdir.

- Ona təbrik ismarıcı göndərmədin?

- Yox. Ümumiyyətlə, Spalettinin "Zenit"dən getməsindən sonra əlaqə saxlamamışıq.

- Bu qış dönəmində çıxış etdiyin mövqeyə Yuri Jirkov alındı. O, rəqabət yaradacaq.

- Bu yaxşı oldu. Jirkov güclü rəqibdir. Amma rəqabət normaldır. "Zenit" bir neçə turnirdə mübarizə aparır. Böyük klublarda bir mövqedə çıxış edən bir neçə futbolçu olmalıdır. Əvvəl etdiklərimi indi də təkrarlayıram. Qərarı istənilən halda, baş məşqçi verəcək.

- Komandanın Çempionlar Liqasında əsas məqsədi 1/4 finala çıxmaqdır?

- Hələlik bu barədə düşünürük. Qalan şeylər gələcəyin işidir. "Benfica" ilə oyunlar xüsusi olacaq. "Zenit" tarixi ərzində ÇL-da 1/4 final oynamayıb. Bunu həyata keçirməyə çalşacağıq.

-Bu mövsüm Artyom Dzyuba Çempionlar Liqası turnirində Ronaldo və Tomas Müllerlə birlikdə bombardirdir. Bunu heç gözləyirdin?

- Onu rəqib olduğumuz vaxtdan tanıyıram. Müdafiə xəttini təzyiqdə saxlayırdı. Amma indi bizimlə birlikdə oynayıb qollar vurmasına sevinirəm. Düzünü desəm, ÇL-da bombardir olmasını gözləmirdim. Amma onda hər şey alınır.

- Rusiya çempionatında legionerlərə tətbiq edilən limit futbola kömək edə biləcək?

- Mən bu misalı bir dəfə gətirmişəm. Mourinyo "İnter" Çempionlar kubokunu qazananda heyətdə 11 əcnəbi vardı. Hesab edirəm ki, klubun legioner almağa imkanı çatırsa, niyə də etməsin?

- Həmin vaxt italyan azarkeşlər və futbolçular titulun əcnəbilərin sayəsində qazanılmasından məyus olmadı?

- Bütün İtaliya, "İnter" azarkeşləri fərdi oyunçuların deyil, komandanın uğuruna sevinirdi. "Zenit"in də Avropanın böyük futbolçularını transfer etmək üçün maddi imkanı var. Amma legioner limiti buna mane olur.

- İtaliya klubunda çıxış etsəydin, legionerlərin axın etməsinə nə münasibət bəsləyərdin?

- Heyətdə yer tutmaq italyan və ya rus milliyyətinə görə deyil, yaxşı oyuna görə mümkündür.

Milli.Az