A+
A–

Tokio, 7 fevral, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe fevralın 7-də Şimali Koreya tərəfindən orbitə raket buraxılmasını kəskin tənqid edib.
Bu barədə Ş.Abe bazar günü səhər Baş nazirin rəsmi iqamətgahında jurnalistlər qarşısında çıxışında bildirib.
Şimali Koreya tərəfindən orbitə buraxılmış son raketlə bağlı bu ölkəni kəskin tənqid edən Ş.Abe bildirib ki, həmin addım beynəlxalq ictimaiyyətin təmkin nümayiş etdirmək barədə inadlı çağırışlarına baxmayaraq atılıb. Baş nazir qeyd edib ki, raketin buraxılması qətiyyən yolverilməzdir və ötən ay keçirilmiş nüvə sınağı ilə birlikdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır.
Ş.Abe bildirib ki, Yaponiya öz fəaliyyətini digər ölkələrlə əlaqəlandirərək bu addıma kəskin reaksiya verəcək.
Baş nazir, həmçinin vurğulayıb ki, hökumət vətəndaşların təhlükəsizliyi üçün lazım olan bütün addımları atacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio