A+
A–

Bakı, 9 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Səbail rayonu 91 nömrəli orta məktəbin şagirdləri arasında keçirilən, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan mini futbol turnirinin qalibləri mükafatlandırılıb.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirin qaliblərinin mükafatlandırılması mərasimində Baş İdarənin rəisi Raqif Abbasov, AFFA-nın nümayəndəsi Rüstəm Rəhimov, idarənin məsul işçiləri və komandaların üzvləri iştirak ediblər.
Mərasimdə əvvəlcə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş İdarənin rəisi R.Abbasov çıxış edərək gənc futbolçulara təhsildə və idmanda uğurlar arzulayıb. O, məktəblilərə Mübariz İbrahimovun qəhrəmanlığından, Vətənə sonsuz məhəbbətindən danışıb.
Sonra yarışın baş hakimi, məktəbin müəllimi Zəfər Məmmədzadə Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnirin yekunları ilə bağlı məlumat verib.
Tədbirin sonunda qalib komandalara Baş İdarə tərəfindən kubok, diplom və hədiyyələr təqdim olunub.