Rusun bayramı, həmrəylik günü, "yetim adamam, nə bilim?" - SORĞU

Rusun bayramı, həmrəylik günü, "yetim adamam, nə bilim?" - SORĞU
11:29 31 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Dekabr 31-i 2014-ci illə vidalaşırıq. Hər il həmin gün eyni zamanda Azərbaycanda ümumdünya birlik günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan şou-biznesinin tanınmış simaları müxtəlif proqramlara, el şənliklərinə dəvət olunurlar. Lent.az həmin günlə bağlı bir çox tanınmış simaya sual ünvanlayıb: “Niyə məhz  dekabr 31 günü Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edilir?” Sual bir olsa da cavablar müxtəlif oldu...

 

Müğənni Nicat Cəfərzadə: “Çünki  dekabr 31 yeni il bayramı hər kəs ucun uşaqlıqdan qeyd edilən ən maraqlı bayramlardan biridir. Hər kəs məhz həmin gün bir-birilərini təbrik edir. Onun ucün elə fikirləşirəm ki, məhz dekabrın 31 hər kəs həmrəy olur. Buna görə də, biz azərbaycanlıların həmrəylik gününü elə həmin gün qeyd edirik”.

 

 

Xalq artisti Faiq Ağayev: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının “Həmrəylik Günü” elan etdi”.

 

Müğənni Əlikram Bayramov: “Mən ulu öndər Heydər Əliyevin xeyir-duası ilə sənətə gəlmişəm. Elə onun təşəbbüsü ilə də “Həmrəylik günü”nü qeyd edirik. Bizim yeni ilimiz əslində mart ayındadır. Amma 2 dəfə yeni il keçirdə bilmədiyimizə görə, dekabrın 31-i yeni ilə təyin etdik. Dünya azərbaycanlılarının həmrəylik gününün nə zamandan qeyd olunmasını bilmirəm. Məncə 15 ilə yaxındır ki, bu günü qeyd edirik. İndi bilmirəm düz dedim, ya yox, yetim adamam, bildiyim bu qədərdir”.

 

Aparıcı Vüsalə Kərimova: “Əslində Dünya azərbaycanlılarının Həmrəyliyi Günü birlik günüdür. Bu günün  dekabrın 31-də qeyd olunması da təsadüfi deyil. Çünki məhz həmin gün dünyada yaşayan xalqların əksəriyyəti təqvim dəyişikliyini qeyd edir.  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasına dair qərar 1989-cu ildə İstanbulda keçirilən türkdilli xalqların konfransda qəbul olunub. İki il sonra isə 1991-ci ildə dekabrın 16-da ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmaq məqsədilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Duzunu deyim ki, mənə görə dekabr 31-i yeni il olaraq yalnız təqvim dəyişir, amma həmrəylik günü kimi xüsusi bir qurur hiss keçirirəm”.

 

Müğənni Əli Mirəliyev: “Mən müğənniyəm siyasəti o qədər də bilmirəm. Bütün sovet ittifaqı yeni il bayramına gözəl hazırlaşırdı. Biz isə Novruz bayramını qorxa-qorxa qeyd edirdik. İndi dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik günüdür. Biz haçandan həmrəy olmuşuq? Bilmirəm. Bu günün dəqiq nə zamandan qeyd olunduğunu bilmirəm. Deyəsən sovet dövrü dağılandan. Ya Ayaz Mütəllimov, ya da Əbülfəz Elçibəyin vaxtında idi. Deyəsən ulu öndər prezident seçiləndən qeyd olunur. Amma onu deyə bilərəm ki, bu bayram, mənim bayramım deyil. Qarabağ nə zaman alınsa, mən bayram qeyd edərəm. Qarabağsız bir gözüm kordur”.

 

Müğənni İradə İbrahimova: “Yeni il milad bayramıdır, yəni rusun bayramıdır, Dünya Azərbaycanlılarının həmrəyliyi gününün həmin tarixə təsadüf etməsi rusun bayramından daha çox həmrəyliyimizi tərənnüm edən bayramı keçirməyimiz daha önəmlidir”.

 

Müğənni Kamil Cəfərov: “Men belə başa düşürəm ki, bütün dünyada olan azərbaycanlılar həmrəy olması üçün, köhnə ili yola salıb təzə ili birlikdə qarşılamaq üçün qeyd edirik.

 

Müğənni Ayan Babakişiyeva: “Dünya azərbaycanlılarının həmrəyliyi günü ölkə başçısının sərəncamı ilə dekabrın 31-ə təsadüf edir. Biz də həmin günü həmrəyliyimizi nümayiş etdiririk”.

 

Aparıcı-bəstəkar Murad Arif: “Ümummilli liderin təşəbbüsü ilə, artıq 23 ildir ki, ilin son günü Həmrəylik günümüzdür. 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi”.

 

Müğənni Afaq Aslan: “1989-cu il dekabrın 31-də Quzey Azərbaycanla Güney Azərbaycanın sərhədlərini sökdülər və hər iki tərəfdən azərbaycanlıları birləşdirmək arzularını ifadə etdilər. Ona görə de dekabrın 31 Dünya azərbaycanlılarının həmrəylik günü qeyd olunur. Gün o gün olsun ki, Bakı ilə Təbriz qovuşsun.

 

Dj-Kazım Bağırov: “Dünya azərbaycanlılarının həmrəylik gününü ulu öndər Heydər Əliyev təsis edib. Xaricdə yaşayan azərbaycanlılar üçün”. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR