[ 14 Fevral 2015 13:43 ]


Şaban Gülbahar: “Ermənilər bir an əvvəl işğal etdikləri Azərbaycan torpaqlarından çəkilib, bölgədə daimi sülh yaradılmasının yolunu açmalıdırlar”

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin güclü elm, düşüncə və mədəniyyət mərkəzlərindən olan “Avrasiya Bir” Vəqfinin başqanı Şaban Gülbaharın APA-ya müsahibəsi

- 21 yaşında olan vəqfiniz və onun nəzdində yaradılan Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) “erməni məsələsi”nin obyektiv şəkildə araşdırılması istiqamətində önəmli işlər görməyə davam edir. “Soyqırım” böhtanlarının getdikcə artdığı bir vaxtda Türkiyənin atdığı addımları necə qiymətləndirirsiniz?

- “Soyqırım” bizə qarşı atılan nəhəng bir böhtandır. Osmanlı İmperiyasının son dönəmlərində, ölkəmiz savaşda ikən erməni bandaları xüsusilə, imperiyamızın Şərq bölgələrində işğalçı qüvvələrlə birləşərək, onların maşası olaraq vətəndaşlarımızı qətlə yetirdilər. Osmanlı geniş coğrafiyaya yayılmış bir dövlət idi, təbəələrinin hamısına toleranslı davranan bir dövlətimiz vardı. Erməni mənşəli təbəələrimiz imperiyanın toleransından geniş şəkildə istifadə etsələr də, Birinci Dünya müharibəsində bir neçə cəbhədə vuruşmağımızdan istifadə edərək ölkəyə xəyanət etmiş, torpaqlarımızı parçalayaraq özlərinə dövlət qurmağa cəhd etmişdilər. Bu durumda olan istənilən ölkə lazımi tədbirləri görərdi ki, Osmanlı da o tədbiri görərək, erməni mənşəli vətəndaşlarımızı imperiyanın başqa bölgələrinə köçürdü. Bunu xüsusi şəkildə vurğulamalıyam ki, istər Avrasiya Strateji Araşdırmalar Mərkəzinə daxil olan Erməni Araşdırmaları İnstitutumuzun, istərsə də Türkiyənin bu işlərlə məşğul olan digər qurumlarının araşdırmaları o dönəmdə ermənilərin bizə soyqırım yapdığını ortaya çıxarmışdır. Bu işi gündəmdə saxlayan Qərbdəki erməni diasporasıdır. Diaspor öz maddi imkanlarına güvənərək Türkiyədən torpaq və təzminat qoparma xəyalıyla “soyqırım” məsələsi üzərindən bizi məşğul etmək istəyir. Qəti şəkildə deyirəm ki, diasporun öz maddi gücünə ümid edərək bizə qarşı bu təzyiq cəhdlərinin heç bir nəticəsi olmayacaq. Son 8-10 ildə Türkiyə arxivlərinin hamısını açaraq, obyektiv elmi araşdırmalar apardı, istəyən hər kəs gəlib həqiqətləri bizim arxivlərimizdən öyrənə bilər. Digər tərəfdən, Türkiyə artıq keçmişdəki Türkiyə deyil; buna inanaraq deyirəm ki, artıq başqa sahələrdə olduğu kimi, “soyqırım” böhtanlarıyla da Türkiyəyə heç bir təsir göstərmək mümkün olmayacaq.

- ASAM 16 mart 2002-ci ildə - Tələt paşanın erməni terrorçusu tərəfindən 1921-ci ildə Berlində qətlə yetirildiyi gündə - İstanbulda beynəlxalq konfrans keçirdi. Sonrakı dönəmdə Erməni Araşdırmaları İnstitutu xeyli kitab çap etdi. “Erməni məsələsi”nə dair Türkiyədə ingiliscə çıxan “Revew of Armenian studies” adlı indiyə qədər 50 sayı çıxmış yeganə elmi dərgini də siz nəşr edirsiniz. Elmi konfranslarınızın davam etdiyini bilirik. 24 aprelə doğru gedən yolda hansı tədbir planlarınız var?

- 1974-cü ildə Qərbi Trakya məsələsiylə bağlı bir neçə dəfə Yunanıstana getdim. Orada gördüm ki, Yunanıstan öz varlığını qorumaq üçün ölkədə geniş miqyaslı türk düşmənçiliyi yaradıb. Qəti şəkildə deyirəm ki, bizə qarşı yönəldilmiş “soyqırım” böhtanları da Qərbdəki ermənilərin və Ermənistanın öz varlığını qoruması üçün planlaşdırılmış türk düşmənçiliyidir. Bundan vaz keçmədikləri müddətcə psixoloji cəhətdən daha böyük travmalar yaşamağa davam edəcəklər. Araşdırmalar göstərdi ki, Birinci Dünya savaşı illərində Osmanlı torpaqlarında zülmə məruz qalmış xalq ermənilər yox, bizik. Savaşı fürsət bilib dövlətimizi arxadan vurmağa cəhd edən ermənilər 100 minlərlə müsəlmanı qətlə yetiriblər. Mən Osmanlı dövlətindəki arxivçilik işinin dəqiqliyinə heyran qaldım. Arxivlərimizdə sadəcə “erməni məsələsi”ylə bağlı deyil, gündəlik həyatın hər sahəsindəki ən xırda detala dair materiallar tapa bilərsiniz. 1927-ci ildə keçirilmiş seçkidə ölkəmizin əhalisi 13 milyon 600 min olub. Ermənilər isə deyirlər ki, biz 1.5 milyon ermənini qətlə yetirmişik. XIX əsrin axırlarından başlayaraq kilsənin keçirdiyi əhali sayımında erməni əhalisinin sayı 1.8 milyonu keçmir. Onun 1.5 milyonunu guya biz öldürmüşük - bu yalana ağlı başında olan heç kim inanmaz. Təkrar edirəm ki, Birinci Dünya savaşı vaxtı Osmanlı torpaqlarında cərəyan edən proseslərin zərərdidəsi bizik - bunu görmək üçün arxiv materiallarımıza baxmaq kifayətdir. Bunu da bir daha vurğulayıram ki, bu günün Türkiyəsinə heç kim hər hansı formada təzyiq göstərməyə çalışmağı ağlından keçirməsin. Bu, mümkün deyil.

- Ermənilər sadəcə Osmanlı torpaqlarında deyil, 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarında da qətliamlar törədiblər. XX əsrin əvvəllərində əhalisinin 80%-i türk olan İrəvan şəhərini, daha sonra isə mərhələlərlə bugünkü Ermənistanı türklərdən təmizləyiblər. Bizə qarşı ən böyük cinayətləri Xocalı soyqırımıdır...

- Mən də oraya gələcəkdim. Ermənilər bizim onlara qarşı “soyqırım” yapdığımızı iddia edirlər. Ən böyük soyqırım 1992-ci ilin fevralında ermənilərin Xocalıdakı türklərə yapdıqlarıdır. Onların 1915-ci ilə dair iddiaları xəyaldır, Xocalıdakı soyqırımı isə kameralar qeydə alıb, şahidlərin çoxu həyatdadır. Bizə qarşı atılmaq istənən böhtanların arxa planında Xocalı soyqırmını gündəmdən çıxarmaq cəhdləri olsa da, biz qardaş Azərbaycan türklərinə qarşı yapılmış Xocalı soyqırımını əsla və qətiyyən unutmayacağıq, bunun haqq-hesabını daima ermənilərdən soruşacağıq. Canımızın bir parçası olan Azərbaycanın torpaqlarını işğal etmiş ermənilər bir an əvvəl o torpaqlardan çıxmalıdırlar. Bayaq da vurğuladığım kimi, Türkiyə indi bölgənin ən güclü ölkəsidir. Sabah Ermənistanın başına bir iş gəlsə, onlar da Türkiyəyə müraciət edəcəklər ki, bizi xilas et. Ona görə də bir an əvvəl işğal etdikləri Azərbaycan torpaqlarından çəkilib bölgədə daimi sülh yaradılmasının yolunu açmalıdırlar. Bizə qarşı atılan “soyqırım” böhtanları böyük haqsızlıqdır. Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və Xocalı soyqırımı isə Azərbaycan türkü qardaşlarımıza qarşı haqsızlıqdır. Unutmayın ki, haqq nazilər, ancaq üzülməz. Qardaş Azərbaycanla birlikdə haqlarımızın bərpa olunacağı günlərin uzaqda olmadığına inanıram.

- 15 yanvarda Türkiyə və Azərbaycan prezidentləri XX əsrin ən böyük hadisəsi olan və tarixin axışını dəyişdirən Çanaqqala zəfərinin 100-cü ilini 24 apreldə birlikdə qeyd edəcəklərini açıqladılar. Bu barədə nə demək istərdiniz?

- Gök mavi, başak sarışın

Tadı ne güzel barışın.

Fakat senin on savaşa

Değer, ey yurt, bir karışın!

(Arif Nihat Asya)