A+
A–

Bakı, 15 fevral, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Xanım Həsənovanın “Tülkü, Tülkü, Tünbəki” adlı musiqili nağıl – pyesin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, alleqorik səpkidə qurulan bu səhnə əsərinin mövzusu cəmiyyətdə sülhün, dostluq və mehribançılığın təbliğinə həsr olunub. Yaradıcı kollektiv personajların dili ilə cəmiyyətdəki nöqsanları qamçılayır, insanları sevib-sevilməyə, xoşbəxt yaşamağa səsləyir.
Uşaqların böyük maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Hikmət Cəfərov, Sayad Əliyev, Emin Fərzullayev, Şəbnəm Hüseynova, Emil Rzayev və “Ümid” teatr studiyasının üzvləri ifa ediblər.