A+
A–

Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Azərbaycanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş Təlim Strategiyası layihəsini müzakirə etmək, strategiyanın hazırlanması və icrasına dair iştirakçı ölkələrin təcrübəsini bölüşmək məqsədilə “Dövlət qulluqçuları üçün təlim strategiyası” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilir.
“Dəyirmi masa” Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən, “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində təşkil olunub.
Təlim Strategiyasının hazırlanması DQMK tərəfindən aparılır. Qanunvericiliyin araşdırılması, beynəlxalq mübadilə formatları, eyni zamanda, dövlət qulluqçularının potensialının inkişaf etdirilməsinə dair birgə işçi qrupda aparılan vacib məsələlər və çətinliklər barədə müzakirələrdən alınan nəticələr layihənin dəstəyi ilə toplanaraq sistemli şəkildə analiz edilib. Bunun əsasında Azərbaycanda dövlət qulluqçuları üçün Təlim Strategiyasının layihəsi hazırlanıb. Dövlət qulluqçularının peşəkar inkişafı üçün milli strategiyanın hazırlanması və sistemli şəkildə icrası Azərbaycanda dövlət qulluğunun effektivliyini artırmağa xidmət edəcək.
“Dəyirmi masa” Cənub-Şərqi və Şərqi Avropanın 7 müxtəlif ölkəsindən 30 beynəlxalq və yerli mütəxəssisi bir araya gətirərək onların dövlət qulluğu üzrə təlim strategiyalarının hazırlanması barədə təcrübələrini və belə bir strategiyanın hazırlanması və icrasına dair çətinlikləri və çıxarılan nəticələri bölüşmələrini təmin edir. Bu formada məlumat və təcrübə mübadiləsi Azərbaycan Təlim Strategiyasının layihəsinin daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi üçün zəmin yaradır.
AZERTAG.AZ :“Dövlət qulluqçuları üçün təlim strategiyası” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilir
“Dövlət qulluqçuları üçün təlim strategiyası” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilir