A–
Tokio, 19 fevral, AZƏRTAC
Yaponiyanın beş müxalifət partiyası ötən ilin sentyabrında qəbul olunan kollektiv təhlükəsizliklə bağlı qanunların ləğvi məsələsinin parlamentin aşağı palatasının müzakirəsinə çıxarılması təklifi ilə çıxış ediblər.
Ən böyük müxalifət partiyası olan Demokratik Partiya, həmçinin Kommunist Partiyası, Dirçəliş Partiyası və digər partiyalar fevralın 19-da aşağı palatanın müzakirəsinə iki qanun layihəsi təqdim ediblər.
Həmin müxalifət partiyalarının qənaətinə görə, Yaponiyaya kollektiv özünümüdafiə hüququndan istifadə etməyə imkan verən təhlükəsizlik sahəsində yeni qanunvericilik ölkə Konstitusiyası ilə ziddiyyət təşkil etdiyinə görə bəyənilə bilməz.
Həmin gün axşam saatlarında bu partiyaların nümayəndələri birgə mətbuat konfransı təşkil ediblər. Demokratik Partiyanı təmsil edən Yoşiaki Takaki ümidvar olduğunu bildirib ki, təklif edilən yeni qanun layihələri parlamentdə müzakirə mövzusuna çevriləcək və onlar ətrafında diskusiyyalar bütün ölkəni əhatə edəcək.
Müxalifət təhlükəsizlik sahəsində qanunvericiliyi parlamentin yuxarı palatasına seçkilərlə bağlı kampaniyanın əsas mövzusuna çevirmək istəyir. Parlamentin təsdiq etdiyi qanunlar martın 29-da qüvvəyə minir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiyanın müxalif partiyaları kollektiv təhlükəsizliklə bağlı qanunların ləğvini təklif edirlər