A–
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Dövlət Dəniz Akademiyasında 10-11-ci sinif şagirdləri üçün “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev akademiyada yaradılan şərait barədə şagirdlərə məlumat verib, tələbələrə edilən güzəştlər barədə söz açıb. Rektor bildirib ki, akademiyanın hər bir məzunu öz ixtisası üzrə işlə təmin olunur.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova şagirdlərə və valideynlərə akademiyanın imkanlarından istifadə etməyi tövsiyə edib, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, həmçinin sosial məsələlərdə də aktivliyini diqqətə çəkib və aztəminatlı ailələrə edilən yardımlarda Gəmiçiliyin rolundan söz açıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini Zamiq İsmayılov gəmiçiliyin işindən, həmçinin akademiyanın məzunu kimi şagirdlərə buradakı yüksək təhsil səviyyəsindən bəhs edib. O bildirib ki, Gəmiçilikdə 270-ə yaxın gəmi var və 9 min işçi çalışır. Bu işçilərdən təxminən 5 mini dəniz heyətində çalışdır. Hər il 5 minlik dənizçi kollektivinə gənc kadrlar daxil olunur. Zamiq İsmayılov dünya statistikasına istinadən bildirib ki, hər il dünyada 20 min gənc dənizçiyə ehtiyac yaranır.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov Azərbaycan gəmiçiliyinin keçdiyi tarixi yoldan danışıb.
Daha sonra Azərbaycan Dövlət Dəniz Akademiyası tərəfindən hazırlanan videoçarxa baxılıb.
Sonda şagirdlər və valideynlər Azərbaycan Dövlət Dəniz Akademiyasında yaradılan şəraitlə tanış olub, elektron kartoqrafiyası, kapitan körpüsü, gəmi idarəetmə trenajoru, laboratoriya və digər otaqlarla tanış olublar.
AZERTAG.AZ :Azərbaycan Dövlət Dəniz Akademiyasında şagirdlər üçün “Açıq qapı” günü keçirilib



