Sakitlik axtaranlar, ya da tam əksinə, əyləncəsevərlər, indidən yayda hara gedəcəyinin planını quranlar və yaxud sörf həvəskarları - bu gün hamınızın marağına səbəb olacaq bir mövzudan danışacağıq: Çimərliklər.
İngiltərənin məşhur "The Guardian" nəşri dünyanın ən gözəl çimərliklərindən ibarət siyahı hazırlayıb.
Vizual səyahətə hazır olun. Metbuat.az siyahının ilk 10 pilləsində qərarlaşan çimərlikləri təqdim edir:
10. Playa del Amor (Meksika)

"Yeraltı çimərlik" ifadəsi bir az reallıqdan uzaq səslənə bilər. Playa del Amorun hekayəsi isə reallığa söykənir. Çimərliyin yerləşdiyi Marietas adası 1900-cu illərin əvvəllərində Meksika hökuməti tərəfindən ordunun sınaq yeri kimi istifadə olunub. Bombaların təsirindən orada krater əmələ gəlib. Nəticədə isə belə bir gözəl çimərlik meydana çıxıb. Puerto Valyartadan 76 dollar müqabilində Playa del Amora getmək mümkündür.
9. Ko-Kradan (Tayland)

Taylandın ən yaxşı çimərliyini seçmək imkansızdır. Ancaq onlar arasında biri var ki, axtardığınız sakitliyi orada tapa bilərsiniz: səs-küylü Ko-Lipenin yaxınlığında olan Ko-Kradan. Bu çimərlik tozlu qumu və kristalvari suyu ilə də fərqlənir. Gün ərzində kayakdan istifadə etmək mümkündür.
8. Flamenko çimərliyi (Puerto-Riko)

Sizdən möhtəşəm tropik çimərlik dizaynı tələb olunursa, özünüzə əziyyət verməyin. Axtardığınız şey Puerto-Rikonun şərq sahilindədir. "U" formasında körfəz, ağ qum, isti, firuzəyi su, palma ağacları, sakit laqun... Faxardodan cəmi 4,50 dollar ödəməklə Flamenko möcüzəsi ilə qarşılaşmaq mümkündür.
7. Fakistra (Yunanıstan)

Sərt qayalar, sıx meşəlik, ağ qum, çınqıl daşlar və mavi su - söhbət Yunanıstanda, Pelion yarımadasında yerləşən Fakistra çimərliyindən gedir. İyul-avqust aylarında burada turist əlindən tərpənmək olmur.
6. Starfiş çimərliyi (Panama)

Panamada 3 arxipelaq var. San Blas - oraya gedib çatmaq baha başa gəlir. Mirvari adaları - burada otel qiymətləri cibinizə uyğun olmayacaq. Geriyə qalır biri - Bokas del Toro. Bura turistlərin büdcəsinə ən uyğun arxipelaqdır. 13,50 dollar ödəyərək gecəni Bokasın məşhur Starfiş çimərliyinin ətrafındakı otellərdən birində keçirmək olar.
5. Şüşə çimərlik (Kaliforniya, ABŞ)

1906-1967-ci illər aralığında Kaliforniyada şüşə, məişət texnikası və müxtəlif tullantılar dənizə atılırdı. Daha sonra həyata keçirilən "Təmizləmə proqramı" nəticəsində sular təmizləndi, şüşə və metalik tullantılar isə digərlərindən ayrılaraq Kaliforniyanın Mendokino sahilində saxlanıldı. Hazırda Şüşə çimərliyi Makerriçer parkının nəzarətindədir və qonaqların sahildəki şüşələrə və digər metal əşyalara toxunması qadağandır.
4. Formentera (İspaniya)

Təmiz su, gözəl hava, qırmızı yamaclar və qiymətin nisbətən ucuz olması - bunlar Kala Saonadakı Formentera çimərliyini İspaniyanın digər turizm yerlərindən fərqləndirir. İbizadan 50 avro ödəyərək Formentera gözəlliyinin "dadına" baxmaq mümkündür.
3. Şoal Bay (Antiqua)

Şoal Bay sualtı üzgüçülük/dalğıclıq üçün ideal yerlərdəndir. Karib dənizinin kristal suları bir yana, bir-birindən möhtəşəm açıq hava restoranları və pablar digər yana. Əliniz cibinizdə olsun.
2. Dune du Pyla (Fransa)

Avropanın ən hündür qum təpəciyi məhz buradadır. Bu gözqamaşdırıcı çimərlik Bordodan cəmi 1 saat uzaqlıqdadır. Atlantikin gözəlliyi, şam meşələri, bir sözlə, təbiətdən gözlədiyiniz hər şeyi artıqlaması ilə Dune du Pyladan ala bilərsiniz.
1. Anse Surs d'Arjan (Seyşel adaları)

Nəyahət, növbə çatdı 1-ci pilləyə: Anse Surs d'Arjan. Seyşel adaları bu çimərlik sayəsində turizmdən milyonlar qazanır. Turistlərlə yanaşı, yarım metr dərinliyindəki mərcan hovuzu ilboyu həm də "Victoria's Secret" və "Sports Illustrated" gözəllərinə ev sahibliyi edir. Sahilə söykənən aşınmış qaya parçaları və Kreole mətbəxinin ən gözəl nümunələrini təklif edən restoranları da siyahıya əlavə etsək, niyə dünyanın ən gözəl çimərliyi adlandırıldığını dərk etmək o qədər də çətin olmur.
Hazırladı: Rüfət Məcidzadə (Metbuat.az)