Deyir, nə Azərbaycanı tanıyırdım, nə Qarabağı. “Həmin gün Mayntsa, bazara getmişdim. Özümə at alacaqdım”.


Alır da. Bir neçəsinə baxdıqdan sonra diqqətini şax duruşlu bir at cəlb edir. Yaxınlaşıb maraqlanır. “Sovet İttifaqından gətirilib, Qarabağ cinsindədir” cavabını alır. Tərəddüd etmədən atı alır.


Bunu Almaniyanın Ginşeyim-Qustavaburq şəhərində yaşayan Verena Solian deyir. 27 ildir ki, bu alman qadın Avropada Qarabağı tanıtmaqla məşğuldur. Qarabağ atları yetişdirə-yetişdirə. Bu məqsədlə “Qarabağ atlarının dostları" klubu da yaradıb. Xanım Solianın təşəbbüsü ilə Almaniyada “Qarabağ atların kataloqu” da dərc edilib.

***

Aldığı atının adını isə “İnturist” qoyur Verena xanım. Bundan sonra qərara gəlir ki, mütləq Azərbaycana getsin. “Bu atlara necə baxılmasını dəqiq öyrənmək üçün Azərbaycana dəfələrlə getmişəm. Yəqin bilirsiniz, Avropa Birliyi at spermasının üzv ölkələrə gətirilməsini yasaqlayıb. Ona görə qərara aldım ki, at gətirim, klubda yetişdirim, artırım”.

Belə də edir. Azərbaycandan 6 dişi, bir erkək at alır. Açdığı mərkəzdə döl artırmaqla məşğul olur. Deyir, indi Almaniyanın elə bir klubu yoxdu ki, orada Qarabağ atı olmasın.

“Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Avropanın iqliminə də tez uyğunlaşır. Saxlanılmasında və artırılmasında çətinlik yaratmır”.

Hazırda istər xanım Verenanın klubunda, istərsə də digər at saxlama klublarında Qarabağ atlarına tələbat böyükdür. Bu klublarda Qarabağ atlarının “Maymun”, “Qarnıyırtıq” və “Əlyetməz” adlı cins ayğırları yetişdirilir.

Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Onların yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur. Qarabağ atının xarakterik nişanları – ayaqlarında müxtəlif dərəcədə səkil, alnının isə təpəl olmasıdır.

Rus hərbçisi Çudovski öz xatirələrində yazırdı ki, “bizim hərbi dəstələrimiz Zaqafqaziyada olduğu zaman bütün ordu alaylarında zabitlərdə çoxlu Qarabağ atları var idi. Bu atlar bütün Zaqafqaziya yürüşlərində, habelə İran və Türkiyə sərhədləri boyu yürüşlərdə çox yaxşı davam gətirirdilər. Qarabağ atı yerli şərait üçün çox qiymətlidir. İsti havada minicinin altında az tərləyir, halbuki, yanaşı gedən kabardin atı tamamilə tər içində olur”.


***


“Düzü, mən nəyə nail olmaq istəyirdim həm də? Çünki bu cinslər Almaniyada nədənsə rus atı kimi məşhur olub. Bu da təbii ki, Azərbaycanın uzun müddət SSRİ-nin tərkibində olmasıyla bağlı idi. Əvvəllər Almaniyada heç kim Qarabağ atını tanımırdı. Amma indi kimdən Qarabağ atı barədə soruşsan, dərhal o cins barədə məlumat verəcək. Niderlandda belə, Qarabağ atlarının saxlanıldığı klub var. Bu atların ən böyük üstünlüyü odur ki, qıvraq və ələ yatımlıdırlar. Azca məşq etmək kifayətdir ki, qarşında şou göstərsinlər”.

Verena xanım deyir ki, Qarabağ atları ilə bağlı çoxlu ədəbiyyat, məqalə oxuyub.

“Kraliçaya verilən at? Hə, əlbəttə xəbərim var. Sovet lideri Xruşşov məxsusi Qarabağ atı aparmışdı ingilis kraliçası üçün. Bu da təsadüfi deyildi. Siz bilirsiniz isveçrəli Hans Hutmeyer malikanəsinin qarşısında Qarabağ cinsindən olan “Əlyetməz”ə heykəl də qoydurub. Belə faktlar çoxdur”.

“Qarabağ atlarının dostları” klubunda bütün atlar pasportlaşdırılıb. Yeni at dünyaya gələn kimi ona sənəd verilir. Həmin sənəddə atın Qarabağ atı olduğu xüsusi qeyd edilir: “Klub yaranan gündən biz Qarabağ atlarının dünyaya çatdırılması istiqamətində mühüm işlər görürük. İndi klubun 50-dən çox üzvü var. Mən ixtisasca müəlliməyəm. Qarabağ atlarına baxmaq isə mənə zövq verir”.

Verena xanım deyir ki, kimin atı varsa və saxlamağa yeri yoxdusa, onu klubun nəzdindəki fermasına verə bilər: “Burada bir atın saxlanması 1200 avroya başa gəlir. Amma fermaya gələnlər Qarabağ atlarını görəndə onlardan ayrılmaq istəmirlər. Hazırda klubda əlliyədək Qarabağ atı var. İmkan olsa - yer baxımından təbii ki - onların sayını artıra bilərik. Özü də təmiz qanlı atlar”.

Mayntsda at bazarlıqı,  qarabağlı “Qarnıyırtıq”, Verenanın klubu – “Zaman”dan “İnturist”ədək