A–
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AZGF) maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Nizami yurdu-2016” adlı rəsm müsabiqəsi keçirilib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihə rəhbəri Gülnaz Quliyevanın sözlərinə görə, müsabiqəyə 30-a yaxın rəsm əsəri qəbul olunub. Nizaminin əsərlərinə, Gəncənin Qala qapılarına, tarixi və mədəniyyətinə həsr olunan kompozisiyalar üstünlük təşkil edib.
Müsabiqədə ilk üç yeri tutmuş əsərlərin sahibləri diplomlarla təltif olunublar. Digər iştirakçılara isə sertifikatlar təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilib. “Nizami yurdu-2016” rəsm müsabiqəsinin əsas məqsədi də Gəncə şəhərinin tarixinin və mədəniyyətinin Avropa gənclərinə tanıdılmasından ibarətdir.
AZERTAG.AZ :“Nizami yurdu-2016” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb