A+
A–

Bakı, 23 fevral, AZƏRTAC
Martın 8-9-da Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Otuzdan artıq sabiq dövlət və hökumət başçısını bir araya gətirən Şuranın iclasında Kanadanın sabiq Baş naziri Jan Çretyen, Avstriyanın keçmiş Kansleri Frank Vranitzki, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin məruzə ilə çıxış edəcəklər.
İclasda Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan və Kolumbiyanın sabiq prezidentləri də iştirak edəcəklər. Həmçinin İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr və Yamaykanın da sabiq prezidentləri və baş nazirləri iclasa qatılacaqlar.
Qarşılıqlı Fəaliyyət Şurası 1983-cü ildə müstəqil beynəlxalq təşkilat kimi fəaliyyətə başlayıb. Təşkilat ayrı-ayrı ölkələrin dövlət xadimləri arasında enerji və beynəlxalq sahədə təcrübə mübadiləsinə şərait yaradır. Şura üzvləri bəşəriyyətin qarşılaşdığı siyasi, iqtisadi və sosial problemlərin həlli məqsədilə tövsiyələr irəli sürür. Otuzdan artıq sabiq dövlət və hökumət başçısından ibarət olan Şura əsasən beynəlxalq əməkdaşlıq sahəsində sülh və təhlükəsizlik, iqtisadi dirçəliş, universal etik standartlar kimi istiqamətlər üzrə fəaliyyət göstərir.
AZERTAG.AZ :Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək