A+
A

Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Xocalı soyqırımının 24 illiyi münasibəti ilə “ADİU Khojaly outreach” (“Xocalının təbliği”) müsabiqəsi keçirilib. Müsabiqə universitetin Yaradıcılıq Mərkəzinin tarix dərnəyi tərəfindən təşkil olunub.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 19 tələbə Azərbaycan, rus və ingilis dillərində Xocalı soyqırımı haqqında hazırladıqları təqdimatla çıxış ediblər. Müsabiqənin məqsədi “Xocalıya ədalət!” kampaniyasına ADİU tələbələrinin dəstəyini nümayiş etdirmək və gənc nəsli Xocalı faciəsi ilə bağlı məlumatlandırmaqdır.
Münsiflər təqdimatları Xocalı faciəsinə yeni baxış, materialın tarixi faktlarla zənginliyi, keyfiyyəti və təqdimetmə bacarığına görə dəyərləndiriblər.
Birinci yerə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Con Araqun və Alya Mardanova, ikinci yerə Fidan Zeynallı və Elmin Əliyev, üçüncü yerə isə Elşad Quliyev və Cəlil Abbaslı layiq görülüblər. Bütün iştirakçılara sertifikatlar təqdim edilib.
AZERTAG.AZ :ADİU-da Xocalıya həsr olunan müsabiqənin qalibi müəyyənləşib