Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Küveytin Azərbaycandakı səfirliyi Küveyt Dövlətinin milli bayramı – dövlət müstəqilliyinin ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Trend-in məlumatına görə, qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ölkəsinin müstəqilliyi haqqında danışıb.
Küveytla Azərbaycan arasında əlaqələrə toxunan səfir bildirib ki, son illərdə iki ölkə arasında əlaqələr nəzərəçarpacaq dərəcədə inkiaf edib. Bu, hər iki ölkə rəhbərliyinin əlaqələrin inkişaf etdirilməsi arzusunu və iradəsini göstərir. Hər iki ölkə rəsmiləri çoxlu sayda qarşılıqlı səfərlər həyata keçirib.
Səfir iqtisadi sahədə də Küveytlə Azərbaycan arasında səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. Bu yaxınlarda Azərbaycan rəhbərliyinin Küveyt vətəndaşlarına vizaların verilməsi prosedurunun sadələşdirilməsi barədə qərarı Küveyt Dövləti tərəfindən yüksək qiymətləndirilir və bu, iki ölkə arasında əməkdaşlığa mühüm töhfə verəcək.
Diplomat vurğulayıb ki, Küveyt Xocalı soyqırımı ilə bağlı Azərbaycanın kədərini bölüşür.
Tədbirdə Azərbaycan hökuməti adından çıxış edən təhsil naziri Mikayıl Cabbarov Küveyt Dövlətini və xalqını milli bayram münasibətilə təbrik edib.
O, qeyd edib ki, ölkələrimiz arasında münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir.
Nazir ümid etdiyini bildirib ki, Azərbaycanla Küveyt arasında əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Bizi Twitter-dən izləyin: @trend_az