A+
A

Ağcabədi, 29 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzi bölgədə muğam ifaçılıq sənətinin inkişafında və təbliğində, istedadlı gənclərin aşkar edilərək yetişdirilməsində müstəsna rol oynayır.
Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov AZƏRTAC-a müsahibəsində Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabrından fəaliyyət göstərir. Ümumi sahəsi 830 kvadratmetr olan Mərkəz hər biri 155 tamaşaçı tutan yay və qış konsert zallarından, 6 sinif, müdiriyyət, iclas, qrim otaqlarından ibarətdir. Mərkəzin yerləşdiyi parkda Üzeyir Hacıbəylinin büstü qoyulub, əsərlərindən fraqmentləri əks etdirən memarlıq kompozisiyası yaradılıb. Gün ərzində parkda Üzeyir bəyin və digər görkəmli sənətkarların əsərləri səsləndirilir”.
Tofiq Cəfərov bildirib ki, Mərkəzdə tar və muğam şöbələri ilə yanaşı, rəqs dərnəyi də fəaliyyət göstərir. Hazırda burada Ağcabədi, Ağdam, Beyləqan, Laçın, Bərdə və Zərdab rayonlarından 37 şagird muğam sənətinin sirlərinə yiyələnir. Bu ildən Mərkəzdə hazırlıq kursları da açılıb. Kurslara 5-8 yaşlı oğlan və qızlar cəlb edilir. 8 yaşından yuxarı istedadlı uşaqlar isə muğam şöbəsinə qəbul olunur. Qarabağ Muğam Mərkəzinin kollektivi rayonda keçirilən tədbirlərdə fəal iştirak edir. Mərkəzdə və hərbi hissələrdə vaxtaşırı konsert proqramları təşkil olunur. Burada keçirilən tədbirlər ağcabədililər və rayonun qonaqları tərəfindən böyük razılıqla qarşılanır və onlarda xoş təəssürat yaradır.
Qarabağ Muğam Mərkəzinin uğurlarından danışan Tofiq Cəfərov deyib: “Mərkəzin şagirdləri müxtəlif müsabiqələrdə fəal iştirak edirlər. Belə ki, ötən il Bülbül adına II respublika müsabiqəsində bir şagirdimiz 3-cü yerə layiq görülüb, 5 şagird isə diplom və fəxri fərmanla təltif edilib. Xan Şuşinski adına III respublika muğam müsabiqəsində şagirdlərimizdən biri ikinci yer tutub, iki şagird isə diplomla mükafatlandırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi muğam müsabiqəsində isə ilk üç yerə Mərkəzin şagirdləri layiq görülüb. Dörd şagirdimizə xüsusi diplom verilib”.
T.Cəfərov 2016-cı ildə Qarabağ Muğam Mərkəzinin şagirdlərinin iştirak edəcəyi müsabiqə və konsertlər barədə də danışıb. “Beş şagirdimiz mart ayında keçiriləcək respublika televiziya müsabiqəsinə qatılacaq. Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq Qarabağ Muğam Mərkəzinin şagirdləri mart ayından başlayaraq Beyləqan, İmişli, Zərdab və Ağcabədi rayonlarında “Muğam dünyamız” adlı konsert proqramı ilə çıxış edəcək. May ayında isə Bakı şəhərində Rəşid Behbudov adına mahnı teatrında konsertimiz olacaq”, – deyə Tofiq Cəfərov bildirib.
AZERTAG.AZ :Qarabağ Muğam Mərkəzi bölgədə muğam ifaçılıq sənətinin inkişafında mühüm rol oynayır
Qarabağ Muğam Mərkəzi bölgədə muğam ifaçılıq sənətinin inkişafında mühüm rol oynayır
Qarabağ Muğam Mərkəzi bölgədə muğam ifaçılıq sənətinin inkişafında mühüm rol oynayır