A–
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) 2016-2017-ci təhsil ilində dörd magistr qəbul etməyə hazırlaşır.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, qəbul planı AMEA-nın rəyasət heyəti tərəfindən təsdiqlənib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sözlərinə görə, gənc alimlərin təhsili üçün bu elm müəssisəsində lazımi imkanlar yaradılıb. Burada magistrlər maaşla təmin olunur, elmin konkret istiqaməti üzrə tanınmış alimlərdən dərs alır, onlarla birgə tədqiqat işlərində iştirak edirlər. GGİ-nin müasir elmi-texniki avadanlıqla təchiz olunmuş laboratoriyalarında magistrlər üçün lazımi iş şəraiti yaradılıb. Həmçinin institutda çalışan gənclər təcrübələrini artırmaq üçün dünyanın qabaqcıl elmi mərkəzlərində təlimlərə qatılır, ixtisasartırma proqramları, konfrans və seminarlarda iştirak edir, xarici həmkarları ilə əlaqələr qurmaqla distant yolla təcrübələrini artıra bilirlər. Gənc tədqiqatçılar üçün ingilis dili kursları da təşkil olunur.
D.Hüseynov qeyd edib ki, üç il əvvəl Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə bağlanmış müqavilələr əsasında GGİ-də həmin təhsil müəssisələrinin müvafiq fakültələrinin baza kafedraları yaradılıb. Magistrlər bu kafedralarda təcrübə keçirlər.
AZERTAG.AZ :Geologiya və Geofizika İnstitutu yeni magistrlərı qəbul etməyə hazırlaşır