A–
Moskva, 2 mart, AZƏRTAC
Rusiya neft şirkətlərinin rəhbərləri hasilatı 2016-cı ilin yanvar ayı səviyyəsində saxlamaq barədə razılığa gəliblər. Prezident Vladimir Putinin ölkənin başlıca neft-qaz şirkətlərinin rəhbərləri ilə martın 1-də Kremldə keçirdiyi görüşün nəticəsi belədir.
Görüş iştirakçıları OPEK ölkələri ilə razılaşmaya riayət etmək və neftin qiymətini nisbətən yüksək səviyyədə saxlamaq üçün bu qərara gəliblər.
Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, hazırda bazarda neft həddindən artıq çoxdur və qiymətlər il yarım ərzində üç dəfə aşağı düşüb. O, eyni zamanda, bildirib ki, neftin qiymətinin dondurulması haqqında OPEK üzrə tərəfdaşlarla hələlik qəti razılıq əldə edilməyib. Nazir deyib: “Biz vəziyyəti araşdırdıqdan sonra digər ölkələrlə danışıqları davam etdirəcəyik”.
Qeyd edilib ki, 15-dən artıq neft istehsalçısı olan ölkə hasilatı 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağa razılıq verib və bu razılaşma energetika nazirləri səviyyəsində rəsmiləşdirilməlidir. OPEK ölkələri və neft bazarının digər iştirakçıları ilə növbəti danışıqların bu ay keçirilməsi nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
AZERTAG.AZ :Rusiya neft şirkətləri hasilatı bu ilin yanvar ayı səviyyəsində saxlamaq barədə razılığa gəliblər