Növbəti hədəfim ən böyük anakonda ovudur. Anakondanı tutub, üstünə Azərbaycan bayrağı asacam və buraxacam dünyaya. Bu, Azarbaycan üçün dünyada böyük reklam olacaq.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu sözləri həmsöhbətimiz keçmiş qaydasız döyüşçü və 14 illik təcrübəsi olan məşhur ovçu Faiq Babanlı deyir.
Görüşümüz "Safari" Beynəlxalq Ov Mərkəzində baş tutur. Azərbaycanda ilk və yeganə olan mərkəzdə heyvanların yüksək keyfiyyətli taksidermiyaları nümayiş edilir. Həmsöhbətimiz deyir ki, gördüyümüz bütün vəhşi heyvanları özü ovlayıb, lakin vurmaq azdır, əsas qəhrəmanlıq onları Azərbaycana gətirməkdir.
Bizə nə qədər vahiməli gəlsə də, müsahibimiz iddia edir ki, gözəlliklə məşğuldur. Elə bu zaman qapının açıq olduğunu görüb içəri girməyə çalışan uşaqları görən həmsöhbətimiz, yeri düşmüşkən gileyini də gizlətmir. Deyir ki, bizim sərgini seyr etməyə gələnlər maketlərə əl vurmağa çalışırlar, bu da insanların dünyagörüşünün az olmasından irəli gəlir:
"Əcnəbi birinə deyəndə ki, əl vurub baxa bilərsiniz, deyir ki, siz məni nə sayırsınız, bunlar əl vurmaq üçün deyil. Bizim məqsədimiz bu sahədə insanları məlumatlandırmaq və dünya görüşünü artırmaqdır.

Bəs, hazırlatdığınız heyvan maketlərini hədiyyə verirsinizmi deyə soruşduq. Həmsöhbətimiz hədiyyə edirəm, lakin bunun da ölçüsü var deyir:
"Düşünün ki, bu aslanı sıravi bir adama hədiyyə edirəm. Sıravi həyat şəraiti hara, aslan hara... Lakin hansısa bir şəxsiyyət gəlirsə və bunu aparmaq istəyirsə, lazımdırsa verirəm".
Dünyanı bir neça dəfə dövrə vurmuşam
Daha sonra Faiq Babanlı Boliviyadakı Amazon cəngəlliyindəki görüntülərini bizimlə paylaşır. Dediyinə görə, hər kəs özbaşına Amazon cəngəlliklərində ov edə bilməz, buna görə adamı asarlar:
"Orada ovu ancaq müəyyən şəxslər edə bilər. Əgər indiyə kimi etdiklərin və təcrübən uyğun gəlirsə, dünyada sayılırsansa səni çağırırlar.
Dünyaya üç dəfə dövrə vurduğunu deyən ovçu iddia edir ki, bütün bu işləri görən insan sıravi biri ola bilməz.

Cılız kişilər qadınları necə maraqlandırsın?
"İnsan bədəni adrenalin qəbul etmədiyindan cılızlaşır, kişi inkişaf etmək üçün adrenalin qəbul etməlidir. Bilirsiniz insan nələrə qadirdir? İnsan bədənini aparat təsəvvür etsək, görərik ki, bu aparatın içində Allah dəhşət şeylər yaradıb, sadəcə insanlar bundan istifadə edə bilmirlər. Sovet proqramlaşdırırdı bizi ki, gedin məktəbə, kurorta, daha sonra mükafat, Sovet İttifaqı Qəhrəmanı və sair. Niyə? Çünki insan təhlükəli varlıqdır.
Cılız kişilər qadınları necə maraqlandırsın? Babalarımız atın belində qılıncla saatlarla döyüşürdülər. Otuz iki kiloluq qılıncla adam öldürmək üçün güclü əzələlərə sahib olmaq lazımdır. İndi həmin kişilər itiblər. Lakin qadınlar da həmindir, kişilik anlamı da həmindir".

Ən təhlükəlisi "qara Afrikada ovçuluqdur"
Gördüyü işlərin diqqətdənkənar qalmasına gəlincə Faiq Babanlı bildirir ki, bizim insanların bütün bu işlərdən xəbəri yoxdur, çünki dünyagörüşü azdır:
"Müəyyən bir səviyyəyə çatırsan, dünyanı anlayırsan, öz ölkəni düşünürsən. Ən böyük bədbəxtliyimiz odur ki, azərbaycanlılar üçün dünya Azərbaycandan ibarətdir. İmkanı, hər şeyi var, lakin başını yuvasından çıxarmaq istəmir. Deyirsən gəl gedək Afrikaya, dağa ova gedək. Deyir işim-gücüm yoxdur, oturmuşam rahat evimda ".
Həmsöhbətimiz deyir ki, ov maddiyatsız mümkün deyil, çünki bu məşğuliyyət xırda əhali üçün nəzərdə tutulmayıb.

Faiq Babanlı ovçuluğun ən riskli tərəflərindən danışır və bildirir ki, Zimbabve, Mozambik, Tanzaniyadaki ov, yəni "qara Afrikada ovçuluq" çox təhlükəlidir. Çünki qarşına nə çıxdı vurursan. Artıq orada, hasar, heç bir bağlı sahə olmur və şəxsiyyəti yoxlanmamış heç kim o əraziyə buraxılmır:
"Adi sıravi biri heç orada görünə bilərmi? Ayıb olmazmı? Elə bil ki, adi bir adam leopard dərisindən kurtka geyinib, nədi-nədi pulu var. Burada pul deyil, əməl önəmlidir".
Aslanla qarşı-qarşıya gələndə...
Peşəkar ovçu deyir ki, əgər bədən o təzyiqi qəbul etmirsə hər kəs vəhşi şikarı ilə qarşı-qarşıya gəlməyə cürət edə bilməz:
"Mənim yanımda elə insanlar olub ki, son anda cəngəlliyə girə bilməyiblər. Aslanla qarşı-qarşıya gələndə onun erejisindən durmaq olmur. Həmin an həm atəş açmalısan, həm də konkret hədəfi düzgün vurmalısan. Üstəlik o qədər adrenalindən sonra özünü normal aparmalısan".
Bir aslan ovundan sonra növbəti ov prosesi üçün qəbul etdiyiniz adrenalin nə qədər vaxta kifayət edir deyə soruşuruq. Temperamentli müsahibimiz adrenalinin cəmi 3 günə yetdiyini, lakin illər boyu o təəssüratla yaşadığını deyir:
"Məni görən əcnəbilər hər dəfə eyni sualları verirlər: Necə olur ki, sən Azərbaycan kimi tanınmayan bir dövlətdən çıxmısan və belə işlər görürsən və bütün bunları 37 ilə necə sığışdırmısan".

Əvvəllər sərbəst güləş və qaydasız döyüşlə məşğul olan həmsöhbətimiz deyir ki, ovçuluğun adrenalini daha yüksəkdir. "Ölüm ehtimalı olduğu üçünmü" deyə soruşuruq, "ölüm şərt deyil" deyir:
"Bu, adi normativdir, kişilik normasıdır. Buna biz qəhrəmanlıq kimi baxırıq. Bunu hünərə çevirənlər isə adi insanlardır.
Mən edə bildiklərimin cəmi bir faizini etmişəm. Bəzi şeylər var ki, onlar kulisarxasıdır, xalq hazır olmayana kimi onları göstərmək olmaz. Başqa inkişaf səviyyəsində bir millət olsaydı, biz bunu edə bilərdik".

Adamyeyən qəbilənin arasında yaşayacam...
Gördüyü işləri daha böyük auditoriyaya çıxarmaq üçün dövlətdən hər hansı dəstək gözləyirmi və yaxud bununla bağlı müraciət edibmi deyə soruşuruq. Bununla bağlı müraciət etdiyini və belə bir dəstək gözlədiyini deyir.
Gələcək planlarına gəlincə Faiq Babanlı bildirir ki, bu il Yeni Qvineyada adamyeyən qəbilələrlə görüşəcək:
"Onların içinə düşmək, çəkmək olmaz. Ancaq məni aparacaqlar. Adi adan kanniballar arasında düşərsə dəli ola bilər. Orada bir nəfər var və birbaşa onun yanına gedəcəm. Bir müddət adamyeyən qəbiləninarasında yaşayacam".
Anakondadan sonra başqa hədəfləri olub-olmadığını soruşduq. Nə danışırsınız, deyir, altı metrlik timsahlar qalır hələ: "Dünya bitəndə mən də bitəcəm".
Milli.Az










