A–
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFS) nümayəndə heyəti ilə görüşüb.
Qonaqlara Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yolu, bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə gəlirlərinin formalaşmasında və iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolu barədə məlumat verilib. Həmçinin maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, gömrük sistemində aparılan islahatlardan bəhs olunub.
Azərbaycan Gömrük Xidməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əlaqələrin perspektivlərindən də söhbət açan S.Mehdiyev, respublikamızın gömrük sisteminə faydalı ola biləcək istənilən sahədə əməkdaşlığa hazır olduqlarını bildirib.
IFS-nin Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimova qarşılıqlı əlaqələrin daha da intensivləşməsinin vacibliyini qeyd edib, Azərbaycan hökuməti ilə əməkdaşlığa çox böyük önəm verildiyini vurğulayıb. O, eyni zamanda, gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində gələcəkdə həyata keçiriləcək tədbirlərdə təmsil etdiyi qurumla birgə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
AZERTAG.AZ :Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verir