Bakı, 17 fevral, AzərTAc
Fevralın 17-də Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda Uşaq hüquqları və Əmək pensiyaları haqqında qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.
Komitə sədri Hadı Rəcəbli bildirib ki, “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə görə həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə “vətəndaşlıq” sözündən əvvəl “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri əlavə edilib.
Qeyd edilib ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsində həmin Qanunun 20.1.7-ci və 20.1.8-ci maddələrində “vətəndaşlığından çıxması” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz edilib. Digər dəyişikliyə görə 43.2-ci maddənin birinci cümləsində “vətəndaşlığından çıxmış” sözləri “vətəndaşlığına xitam verilmiş” sözləri ilə əvəz olunub.
Qanun layihələrinin müzakirəsi zamanı çıxış edən deputatlar dəyişikliklərin vacibliyini diqqətə çatdırıblar.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.