A–
Bərdə, 3 mart, AZƏRTAC
Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit verilib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair 2016-cı ilin ilk işgüzar forumunu martın 3-də Bərdə rayonunun Türkmən kəndində keçirib.
Yüzə yaxın sahibkarın iştirakı ilə keçirilən forumda rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. Fond tərəfindən Bərdə rayonunun iqtisadi potensialına uyğun olaraq müasir istixana kompleksinin, intensiv bağçılıq təsərrüfatının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış “yaşıl market”in, 3 ulduzlu otelin, cins heyvandarlıq və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq. Kreditlər əsasən heyvandarlıq, biyan kökü istehsalı, emalı və sair sahələrin inkişafına yönəldiləcək.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ildə sahibkarlıq subyektlərinin 5230-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradılıb. 2016-cı ildə qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin, eləcə də kiçik sahibkarlığın maliyyələşdirilməsi nəzərdə tutulur.
Forum çərçivəsində güzəştli kredit ayrılmış Qarabağ Aqrar-Sənaye Kompleksinə baxış keçirilib. Müasir texnologiyalarla təchiz olunan, 5 min tonluq logistik mərkəz, 4700 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq müəssisələri, ildə 5,4 min ton kəsim gücü olan ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal etmək gücünə malik zavoddan ibarət olan bu kompleksdə 300 nəfər çalışır.
Ümumiyyətlə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 30 min 550 başlıq 25 cins heyvandarlıq kompleksinin, illik emal gücü 207,4 min ton olan 9 süd, illik emal gücü 16,2 min ton ət və 38,2 min ton ət kəsimi olan 8 emal və kəsim müəssisəsinə 140 milyon manata yaxın güzəştli kredit verilib.
AZERTAG.AZ :Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 1,6 milyon manat güzəştli kredit verilib
