Xarici ölkələrdə olanlar bilirlər, olmayanlar isə ən azından televiziyada, internetdə Avropada, Amerikada insanların necə rəngarəng geyimlər geyindiklərini, evlərini müxtəlif "isti" rənglərlə bəzədiklərini görüblər. Azərbaycanda da belələrinə rast gəlmək olsa da, insanların əksəriyyəti daha çox tünd rəngli geyimlərə, dizayna üstünlük verirlər. Bu hal xüsusən kişilərdə özünü daha qabarıq büruzə versə, bəzən bu rənglərə meyllilik bəzi qadınlarda da özünü göstərir.

Tünd rənglərin insan xarakteri ilə bağlılığı nədən ibarətdir?
Psixofizioloqlar hesab edirlər ki, insanların rənglərə olan ehtirası onların xarakteri haqda çox şeyi ifadə edir. Hətta rənglərin mənasını və psixikaya təsirini bilməklə müəyyən mənada insanların əhvalını dəyişmək də mümkündür.
Bəs azərbaycanlıların tünd rənglərə üstünlük verməsinin səsbəbi nədir?
Bununla bağlı məsələyə aydınlıq gətirən psixoloq Aytən Ələkbərova Milli.Az-a bildirib ki, azərbaycanlıların tünd rənglərə meylli olması əslində cox yaxşı haldır:

"Psixofizioloqlar və həkimlər uzun illər apardıqları tədqiqatlar nəticəsində aşkara çıxarıblar ki, eyni rəng bütün insanlara eyni təsiri bağışlayır. Azərbaycanlıların tünd rənglərə meylli olması daim mübarizəyə hazır olmağımızı bildirir. Çünki biz millət olaraq emosional parlaq və ekstremalıq. Tünd rənglərin həmçinin idarəetmə, güc ifadəsi baxımından da bir çox mənaları var. Bizim millət fikir azadlığına çox diqqət yetirir. Əslində tünd rəngli geyimlərə üstünlük verməklə, ətrafa soyuq bir davranış göstərsək də, çox dürüst bir xalqıq. Özümüzə məxsus bir xarakter daşıyıcısı olaraq, idarəetmə istəyimizin çoxluğu, ətrafdakılara məsləhət verməyə meylli olmağımız məhz bu tünd rəngləri sevməyimizdən irəli gəlir".
İlkin İzzət
Milli.Az