A–
Bakı, 4 mart, Elvin Camalov, AZƏRTAC
Martın 4-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Gənc alimlər şurası “Keçilmiş yol və yeni dövrün çağırışları” mövzusunda konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev aqrar sahənin əhəmiyyətindən bəhs edib, gənc alimlərin bu sahəyə daha diqqətli yanaşmağı tövsiyə edib. Həmçinin baş direktor ərzaq təhlükəsizliyi ilə bağlı görülən işlərdən bəhs edib.
Gənc alimlər şurasının sədri Faiq Xudayev 2014-2015-ci illər ərzində gənc alimlərin fəaliyyətləri barədə hesabat məruzəsi edib. F.Xudayev gənclər, şagirdlər, fermerlərlə keçirilən görüşlər, təşkil olunmuş elmi konfranslar, tədbirlər haqqında iki illik hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.
O bildirib ki, şura 40 elmi müəssisədən ibarətdir, onun 8 regional bölməsi fəaliyyət göstərir. 1200 şura üzvü və 21 büro üzvü olan qurum 8 elmi-tədqiqat institutlarının alimlərini birləşdirir. Gənc alimlər şurası 40-dan artıq beynəlxalq tədbirlərdə iştirak edib, Bakı Dövlət Universitetinin 10-dan artıq tələbəsi bu institutlarda fəaliyyət göstərir.
Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin Gənc alimlər şurasının sədri Fariz Ələkbərov “Universitetinin gənc alimlərinin aqrar sahənin inkişafında rolu” mövzusunda, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc alimlər şurasının sədri Həlimə Məmmədova “Perspektivlər və problemlər” mövzusunda, Gənc alimlər şurasının büro üzvü Ülviyyə Hüseynova “Aqrar sahənin inkişafında yeni dövrün çağırışları” mövzusunda çıxış ediblər.
Sonda fəaliyyət dövründə fərqlənən gənclər fəxri fərmanla təltif olunublar.
AZERTAG.AZ :Aqrar sahədə gənc alimlərin fəaliyyəti müzakirə olunub