A+
A–

Bakı, 5 mart, AZƏRTAC
Ölkəmizi Dünya Boks Seriyası (WSB) liqasında təmsil edən “Baku Fires” komandası növbəti görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Boks Mərkəzində ötən mövsümün qalibi “Astana Arlans”la qarşılaşıb. Görüşün startı komandamız üçün uğurlu olmayıb. Qonaqlar ilk iki döyüşdə qələbə qazanıblar. Sonra boksçumuz Tamerlan Abdullayev fərqi azaltsa da, yenidən “Astana Arlans”ın üzvü Nurdaulet Jarmanov döyüşdə üstün olub. Bununla da, Qazaxıstan təmsilçisi son görüşün nəticəsindən asılı olmayaraq qələbəsini rəsmiləşdirib. Beşinci görüşdə boksçumuz Arslanbek Mahmudovun rəqibini məğlub etməsi təsəlliverici xarakteri daşıyıb.
Beləliklə, görüş “Astana Arlans”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın bu dəfə uduzmasına baxmayaraq, turnir cədvəlində mövqeyi dəyişməyib. Dörd görüşdən yeddi xal toplayan “Baku Fires” yenə ikincidir. Təmsilçimizlə eyni sayda rinqə çıxan “Uzbek Tigers” (Özbəkistan) 10 xalla qrupa başçılıq edir. Üç qarşılaşmadan altı xal toplayan “Astana Arlans” üçüncü və aktivində üç xal olan “Puerto Riko Hurricanes” sonuncu pillədə yer alıb.
AZERTAG.AZ :“Baku Fires” boks komandası WSB liqasında növbəti görüşünü keçirib