Dövlət başçısı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı fərman imzalayıb. Bu fərmana görə, ölkədən ixrac ediləcək qeyri-neft məhsulları üçün bu malı ixrac edən iş adamına onun dəyərinin ən azı 3 faizi məbləğində pul ödəniləcək.
Bundan başqa, 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətinə banklarda əmanətlərə görə ödənilən illik faiz gəlirlərindən vergi tutulmayacaq. Həmin əmanətlər isə məbləğindən asılı olmayaraq tam sığortalanacaq. Mərkəzi Bank isə ötən həftə ölkənin maliyyə sektorunda situasiyanın sabitləşdirilməsi istiqamətində mühüm bir qərar verdi və uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyənləşdirildi.
Bütün bu tədbirlərin mahiyyəti nədən ibarətdir və bunlar bizə - sıravi vətəndaşlara nə verəcək? Milli.Az xəbər verir ki, bu barədə ətraflı məlumat almaq üçün Kəpəz TV-nin (Region TV) efirində yayımlanan "Bu həftə"nin qonağı - iqtisadçı Vüqar Bayramovun fikri öyrənilib.
İlk olaraq prezidentin gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı sərəncamına fikir bildirən müsahibimiz, gömrük sistemində prosedurların elektronlaşmasının vacib addım olduğunu bildirdi.
Vüqar Bayramov: "Təbii ki, ölkə prezidentinin son fərmanı gömrük sistemində birmənalı şəkildə prosedurların elektronlaşması və elektron xidmətlərin təklif edilməsinə imkan yaradacaq. Nəzərə alsaq ki, uzun müddət gömrük sistemində mövcud olan monopoliyanın aradan qaldırılması və proseslərin leqallaşdırıması istiqamətində atılan addımların yeni elektronlaşma mərhələsinə qədəm qoyması gömrük xidmətləri sahəsində elektron pəncərə sisteminin formalaşmasına imkan verəcək. Ödənişlərin məmurlarla ünsiyyətdə olmadan, birbaşa elektron formada həyata keçirilməsi isə şəffalığın təmin edilməsi və neqativ halların aradan qaldırılmasına imkan yaradacaq".
Dövlət başçısının Əmanətlərin tam sığortalanması barədə qanunun tətbiqi ilə bağlı imzaladığı sərəncamın ölkənin bank sektoruna təsirlərinə toxunan ekspert, bu addımı müsbət qiymətləndirdi.
Vüqar Bayramov: "Əmanətlərin sığortalanması ilə bağlı ölkə prezidentinin fərmanı pozitiv, radikal addım kimi qiymətləndirilir. Bu fərman vətəndaşların banklarda olan əmanətlərinin məbləğinin səviyyəsindən asılı olmayaraq tamamilə sığortalanmasına imkan yaradacaq. Martın 1-dən sonra banklarda yerləşdirilən manatla əmanətlərdə illik divident 12 %, dollarla 3 % nəzərdə tutlub ki, bu da birmənalı şəkildə vətəndaşlarımız əmanətlərini həm manat, həm də dollarla kommersiya banklarına yerləşdirmələrinə imkan verəcək. Əvvəllər yalnız 30 min manat və onun ekvivalentində əmanətlərin sığortalanması həyata keçirildi, indi isə bu limit aradan qaldırıldı. Bu da, hətta bankların müflis olacağı təqdirdə belə, həmin əmanətlərin son qəpiyinə qədər vətəndaşlara qaytarılması imkanı deməkdir".
İxracın təşviqi ilə bağlı fərmana əsasən ixrac olunan malın dəyərinin 3 faizinin sahibkara ödənilməsinin təsirinə gəlincə, iqtisadçı bunun sahibkarlarda ixracla məşğul olmağa stimul yaradacağı qənaətindədir.
Vüqar Bayramov: "İxraca subsidiyanın verilməsi ixracatın stimullaşdırılması və xaricə göndərilən qeyri-neft məhsullarının artırılması baxımından çox əhəmiyyətli addımdır. Bu, artıq sahibkarlarda ixracla məşğul olmağa stimul yaratmaqla yanaşı, ixracın artmasına təkan verir. Daha çox məhsul ixracı, həmin sahibkar üçün daha çox subsidiya imkanı, ölkə üçün isə valyuta axını qazandırır".
Qeyri-neft sektorunun inkişafı üçün zamana ehtiyac olduğunu xatırladan müsahibimiz, qiymətləndirmələr baxımdan bu islahatların növbəti ilin ikinci yarısından başlayaraq öz müsbət təsirlərini daha geniş miqyasda göstərəcəyini proqnozlaşdırır.
Əsas prioritetinin manatla yığımlara stimul yaratmaqdan ibarət olduğuna diqqət çəkən ekspert, Mərkəzi Bankın uçot dərəcəsini 7%-ə qaldırması və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin 17% səviyyəsində müəyyən edilməsinə də fikir bildirib.
Vüqar Bayramov: "Uçot dərəcəsinin artırılmasında məqsəd, manatla yığımlara stimul yaratmaqdan ibarətdir ki, bu da Mərkəzi Bank üçün əsas prioritetdir. Digər tərəfdən isə bu, Mərkəzi Bankın bölüşdürdüyü mərkəzləşdirilmiş kreditlərin həcminə, xüsusən də faizlərinə təsir göstərir. Mərkəzi Bank bununla real sektorun canlanmasını həyat keçirməyə çalışmalıdır".
İnkişaf etmiş ölkələrdə uçot dərəcəsinin artırılması və ya azaldılması maliyyə bazarlarında böyük ajiotaj yaratdığı halda, Mərkəzi Bankın qərarlarının Azərbaycanın pul-kredit təşkilatlarına, onların iş prisiplərinə ciddi təsir göstərməmə təəssüratına gəlincə isə...
Vüqar Bayramov: "Azərbaycan Mərkəzi Bankının qərarları ona görə pul-kredit təşkilatlarına təsir göstərmir ki, kommersiya banklarının cəlb etdiyi vəsaitlərin əhəmiyyətli hissəsi Mərkəzi Bankdan kənar mənbələr hesabına formalaşır. Bu gün Mərkəzi Bankın əsas prioriteti, uçot dərəcəsinin artırılmasından sonra daha çox mərkəzləşdirilmiş kreditin verilməsi olmalıdır. Əgər bu baş verəcəksə, Mərkəzi Bankın uçot dərəcəsi kredit faizinə, bankların maliyyələşdirilməsi prosesinə birbaşa təsir göstərə biləcək".
Qonaq, neftin qiymətinin yüksəlməsi fonunda manatın məzənnəsinin enməsinə dollara tələbatın artmasının səbəb olduğunu əsas gətirdi.
Vüqar Bayramov: "Neftin dünya bazar qiymətinin yüksəlməsi hələlik istənilən səviyyədə deyil və hər zaman da qiymətinin yenidən azalma riski var. Müsbət məqam isə qiymətin stabilləşməsidir. Manatın məzənnəsinin azalmasının əsas səbəbi dollara tələbin artmasıdır".
İqtisadçı Vüqar Bayramovun mövzu ilə bağlı müsahibəsini daha ətraflı "Bu həftə"nin qonağı rubrikasından izləyə bilərsiniz.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

