Mərkəzi Bank məktub saxtakarlığının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Mərkəzi Bankdan Milli.Az-a bildiriblər ki, AMB-yə qarşı edilən məktub saxtakarlığı məsələsi ilə bağlı araşdırma aparılması və bunu edənlərin cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına rəsmi müraciət hazırlanır. AMB hesab edir ki, bu cür saxtakarlıq dövlətə qarşı sabotajdır və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Ona görə də məsələ araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.

Qeyd edək ki, sosial şəbəkələrdə Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini A. Babayevin imzası ilə manatın məzənnəsinin üzən məzənnə prinsipindən imtina ediləcəyinə və martın 18-dən etibarən 1 ABŞ dollarının (USD) 1,2833 səviyyəsində təyin ediləcəyinə dair kommersiya banklarına ünvanlanmış məktubun surəti yayılıb.

Mərkəzi Bank saxtakarlıqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək

Məsələ ilə bağlı Mərkəzi Bank rəsmi məlumat həmin məktubun saxta olduğunu və çaşqınlıq yaratmaq məqsədililə yayıldığını bəyan edib: "Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur".

İlkin İzzət
Milli.Az