Yenə Türkiyədən dəhşətli terror xəbəri gəldi. Yenə Ankaranı Ağ Qaraya çevirdilər. Yenə terror Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri ərəfəsində baş verdi. Kimlərsə bu iki dövlətin yaxınlığından çox narahatdır və qardaşlığa kədər toxumları səpməyə çalışır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

"Kimlərsə qardaşlığa kədər toxumları səpməyə çalışır"

Millət vəkilinin sözlərinə görə, Türkiyədə aramsız dəhşətli terrorun ilk səbəbi bu dövləti zəiflətmək, onu diz üstə çökdürmək məqsədidir: "Bu nəhəng və möhtəşəm dövlətin müstəqil siyasəti xaricdə müəyyən dairələrin maraqlarına cavab vermir. "Terrorun olması kimə sərf edir?" sualını vermək kifayətdir ki, sifarişçiləri hesablayıb ortaya çıxarasan".

"Kimlərsə qardaşlığa kədər toxumları səpməyə çalışır"

A.Mirzəzadənin fikrincə, Ankradakı terror akrtlarının Türkiyə rəhbərinin Azərbaycana səfəri ərəfəsində baş vermələri isə iki qardaş dövlətin daha da yaxınlığına son qoymaq, onları siyasi cəbhələrin əks düşərgələrinə salmaqdır: "Hesab edirəm ki, Prezident Rəcəb Təyyub Ərdoğan bu dəfə Azərbaycana mütləq gəlməlidir, dostluğumuza kölgə salanlara cavab verməlidir. Bura da Türkiyədir, burda da terrorda ölənlərin taleyinə acıyan 10 milyon türk var. Biz birlikdə güclüyük, biz türk dünyasına hücum çəkənlərə birgə cavab verməliyik. Başın sağ olsun, Türkiyə, həmişə səninləyik!"

Qeyd edək ki, martın 13-də axşam Türkiyənin paytaxtı Ankarada törədilən terror aktı nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

İlkin İzzət
Milli.Az