Azərbaycanın məşhur simaları haqda bəzən o qədər də xoş xəbərlər yayılmır. Onların iştirak etdikləri bəzi tədbir və məclislərdə pis rəftarla qarşılanmaları, döyülmələri barəsində yazılan məlumatlar saytların maqazin bölmələrində ən çox oxunanlar sırasında yer alır. Görəsən, yerli məşhurlar bu qədərmi gücsüzdür ki, onları daim əzilən şəxslər kimi göstərirlər? Bu və digər suallarımıza öz sənətlərində sözünü demiş populyar simalar cavab verirlər:

Milli.Az primetime.az-a istinadən sorğunun nəticələrini təqdim edir:

Əməkdar artist Röya Ayxan: "Getdiyim heç bir məclisdə bu cür hallarla qarşılaşmamışam. Bilmirəm, bəlkə də bu, mənim iştirak etdiyim tədbilərin səviyyəsindən asılı olub. Çünki qatıldığım bütün məclislərdə məni hörmətlə qarşılayıb, yola salıblar. Səmimi deyirəm, məni, doğurdan, çox istəyib, məclislərə dəvət edirlər. Mən heç vaxt sənətçinin təhqir olunması və döyülməsini görməmişəm. Buna heç inanmıram da. Amma bir məsələ də var. Əslində, bu cür addımlar həm də sənətçinin özündən asılıdır. Çünki o, özünü nə qədər sadə göstərsə, bir o qədər də xoşagəlməz hallarla qarşılaşar. Amma yenə də, inanmaq istəmirəm ki, sənətçilərə bu cür tərbiyəsizlərlə üz-üzə qalsınlar .

Aparıcı-müğənni Murad Arif: "10 ilə yaxındır ki, məclis aparıram. İki il olar ifaçılıqla məşğulam. Bəzi həmkarlarımla müqayisədə daha çox səhnə alıram. Buna rəğmən, heç vaxt siz dediyiniz aqressiya ilə qarşılaşmamışam. Bakı balaca şəhərdir və burada mənfi xəbərlər daha tez yayılır. Mənim başıma gəlmədiyi üçün bu haqda çox geniş danışa bilməyəcəyəm. Amma mənə elə gəlir ki, hər kəs davranışının qarşılığını görür. Özümü bir az tərifləyəcəyəm. Hər kəsin öz auditoriyası var. Belə görünür ki, mənim auditoriyam ziyalı olduğu üçün, çox müsbət münasibət görürəm. Daha bir versiyam budur ki, yəqin mən işimdə daha diqqətli, məsuliyyətli və ehtiyatlıyam. İdarə etdiyim bütün məclislərdə tamaşaçının istəyini bacardığım qədər nəzərə alıram. İnsanlarla daha səmimi münasibət qururam. Mən hər kəslə bir qardaş və övlad kimi rəftar edirəm. Bu illər ərzində heç vaxt bu cür şeylərlə qarşılaşmamışam. İnşAllah heç qarşılaşmaram da. Bu cür hadisələr təbii ki, xoş deyil.

Prodüser Tolik: "Kimsə-kiməsə bir sillə vurursa, bunun adını döyülmək qoyub, məsələni şişirtmək düzgün deyil. Mən daha öncə Aygün Kazımova, Röya Ayxan, Natavan Həbibi, Sevda Yahyayeva, Rəqsanə İsmayılova kimi müğənnilərlə işləmişəm. Amma heç vaxt bu cür hallarla qarşılaşmamışam. Hazırda Elton və əkiz bacılar Sevil- Sevinclə çalışıram. Bizim yalnız Azərbaycanda deyil, bir neçə xarici ölkədə də çıxışlarımız olub. Amma heç vaxt özümüzə qarşı aqressiya görməmişik. Hətta Rəqsanə ilə işləyəndə, ucqar rayonlarda toylara gedirdik. Aygün Kazımova ilə kişi məclislərini aparırdıq. Amma heç bir mənfi hərəkətlə qarşılaşmamışdıq. Toylarda baş verən bu cür hadisələrə ən çox kişi müğənniləri səbəb olur. Çünki onların bəziləri məclisə cangüdənlə daxil olurlar, bu da ev sahibini qəzəbləndirir. Bir də burada spirtli içki rol oynayır. Bəzən toy sahibi içkili vəziyyətdə nəsə deyir və müğənni təkəbbüründən bunu qəbul etmir. Amma mən həmin müğənnilərə demək istəyirəm ki, siz millət vəkili deyil, ifaçısınız. Görürsüz ki, ev sahibi sərxoşdur, ona "Can" deyib, məsələnin üstündən keçin. Bir az səmimi davranmaqda fayda var".

Müğənni Nura Suri: "Hər zaman demişəm və yenə də deyirəm, müğənnilərə qarşı olan aqressiyanı yaradan bəzi aparıcılar və jurnalistlərdir. Məclislərdə bu cür xoşagəlməyən hərəkətləri isə həyatda özünü tapmayan və paxıl insanlar edə bilər. Bəzi insanlar ifaçıları o qədər xoşbəxt və əlçatmaz görür ki, çalışır onlara pislik etsin. Müğənniləri həzm edə bilməyən insanlar var ki, özlərini daha yuxarıda görməyə çalışırlar. Bu, həm də psixoloji durumla bağlıdır. Və ən pis tərəfi odur ki, bu psixoloji durumla qarşılaşan insanların sayı hər gün artmaqdadır. Bu həm də səviyyəsizlikdir. Özünə hörmət qoyan insan bu cür hərəkət etməz.

Aparıcı Samir Bayramlı: "Nədənsə toylarda baş verən bütün davalarda döyülən tərəf məhz məşhur olur. Bu tip xəbərlərin hər biri "Məşhur döyüldü" başlığı ilə hər kəsə təqdim edilir. Anlamıram, bu saysız-hesabsız davalarda niyə yalnız məşhurlar döyülür. Necə olur ki, bu məşhurlardan heç olmasa biri adi sillə belə vura bilmir? Gülməlidir".

Müğənni Günay İbrahimli: "Şükür Allaha ki, bu günə qədər başıma belə bir iş gəlməyib. Amma belə hadisələrin səbəbi 90 faiz gələn qonaqlar, 10 faizi isə müğənnilərin özündədir. Bu cür hallar içki olan məclislərdə yaşanır. Problemlərdən biri də odur ki, toyun sahibi qalır kənarda, qonaqlar ağsaqqalıq etmək istəyir. Görün toyda nə qədər adam olur, hər birinin də fərqli arzu və istəkləri baş qaldırır. İçkili insanın istəyi həyata keçməyəndə, dava düşür. Amma mən heç bir müğənniyə bu cür vəziyyətə düşməyi arzu etmirəm".

Milli.Az

Azərbaycanın döyülən məşhurları: günah kimdədir? - FOTO
Azərbaycanın döyülən məşhurları: günah kimdədir? - FOTO
Azərbaycanın döyülən məşhurları: günah kimdədir? - FOTO
Azərbaycanın döyülən məşhurları: günah kimdədir? - FOTO
Azərbaycanın döyülən məşhurları: günah kimdədir? - FOTO
Azərbaycanın döyülən məşhurları: günah kimdədir? - FOTO