A–
Berlin, 14 mart, AZƏRTAC
Almanların böyük şəhərlərdə yaşamağa can atmaları evlərin qiymətinin əhəmiyyətli bahalaşmasına gətirib çıxarıb. Son on ildə Almaniyanın böyük şəhərlərində evlərin bir kvadratmetrinin qiyməti 80 faiz artıb.
Növbəti on beş ildə bu tendensiya davam edəcək, lakin hər yerdə yox. Almaniya bankı “Postbank”ın yeni araşdırması göstərib ki, mənzillərin qiymət dinamikası əhalinin sayının yüksəliş tempindən asılıdır. Ona görə də əhali sayının xeyli artdığı, o cümlədən Almaniyaya gəlmiş qaçqınlar hesabına çoxaldığı şəhərlərdə evlərin qiyməti daha çox bahalaşır.
“Postbank”ın iqtisadçıları hesablayıblar ki, şəhər əhalisinin sayının bir faiz artması ilə mənzillər orta hesabla 3,5 faiz, evlər isə 1,9 faiz bahalaşır. Tədqiqat müəllifləri Almaniyanın 36 ən böyük şəhərində kvadratmetrin qiymətinin dinamikasını proqnozlaşdırıblar. Onlar 2030-cu ilədək ölkədə qaçqın statusu alacaq miqrantların sayının bir milyon olacağı fərziyyəsinə əsaslanıblar. Keçən il Almaniya bir milyondan çox qaçqın qəbul edib. Qarşıdan gələn illərdə qaçqınların sayı ölkədə azalmalıdır. Çünki onların heç də hamısı rəsmi qaçqın statusu almayacaq və uzunmüddətli yaşayış yeri ilə təmin edilməyəcək, hakimiyyət orqanları isə qəbul qaydalarını sərtləşdirəcək.
“Postbank”ın tədqiqatında bildirilir ki, 2030-cu ilədək əhalinin sayı və müvafiq olaraq evlərin kvadratmetrinin qiyməti daha çox Berlində artacaq. Almaniya paytaxtında əhali 4,7 faiz, mənzillərin qiyməti isə 14,5 faiz artacaq. İkinci və üçüncü yerləri Potsdam və Hamburq tutur. Bu şəhərlərdə növbəti 15 ildə mənzillərin qiyməti müvafiq olaraq 14,03 və 13,86 yüksələcək. Maraqlıdır ki, siyahının ən axırında Münxen şəhəridir. Burada bir kvadratmetrin qiyməti 4,39 faiz artacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
AZERTAG.AZ :Almaniyada daşınmaz əmlakın qiymətinin kəskin artacağı gözlənilir