A+
A

Bakı, 17 mart, AZƏRTAC
Səhiyyə Nazirliyinın Analitik Ekspertiza Mərkəzinin nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə “Bir pəncərə xidməti” yaradılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd sahibkarların və vətəndaşların müraciətlərinə baxılmasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsidir.
Yeni xidmətin əsas fəaliyyət istiqamətlərinə sahibkar və vətəndaş müraciətlərinin qəbulu və operativ cavablandırılması, ölkəyə idxal olunan dərman vasitələri ilə bağlı sənədlərin qəbulu və icazələrin təqdim edilməsi, qeydiyyat sənədlərinin qəbulu və sahibkarlara təqdim edilməsi, eləcə də şikayət və sorğuların qəbulu və cavablandırılması kimi mühüm məsələlər daxildir.
Müraciətlərin qeydiyyata alınaraq elektron bazaya daxil edilməsi, dərkənar üçün rəhbərliyə təqdimatı, müraciətin icrası üçün mərkəzin digər şöbələrinə göndərilməsi, şöbələr tərəfindən icra olunan sənədlərin ərizəçilərə çatdırılması, şifahi müraciət edən şəxslərin aidiyyəti üzrə suallarının cavablandırılması bu xidmət vasitəsilə həyata keçiriləcək. Eyni zamanda, dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq, qanunvericiliyə müvafiq cavablandırılacaq.

AZERTAG.AZ :Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yeni xidmət yaradılıb