Cəmiyyətdə aqressiyanın artması hər tərəfdən hiss edilir. Bu əsasən cavanlarda daha ciddi şəkildə özünü biruzə verir. Hətta məktəblilər arasında baş verən hadisələr bu istiqamətdə narahat olmağa əsas yaradır. Bu günlərdə iki məktəbli arasında baş verən bıçaqlanma olayı heç də sadə bir mövzu deyil. Ekspertlərin fikrincə yeniyetmələr arasında ən ciddi narahat edici məqam real ünsiyyət qura bilməmələridir. Əsasən həyatlarının böyük bir hissəsini virtual aləm əhatə etdiyi üçün bu çətinliklər yaşanır. Sosial şəbəkələrdə uzun zaman keçirdən yeniyetmələr daha çox real ünsiyyətdən kənar qaçırlar və özlərinə qapanırlar. Bu da dolayısı ilə daxillərində yığılıb qalan narahatlıqların pik həddinə gətirib çıxardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sosioloq Azad İsazadə deyib ki, sosial şəbəkələr aqressivliyin səbəbi deyil, amma konfliktlər üçün yeni meydandır: "Artıq insanlar real aləmdə deyil, virtual aləmdə də öz aqressivliyini nümayiş etdirə bilir. Telefon, sosial şəbəkələr olmadıqda da kifayət qədər konfliktlər var idi. Sadəcə real aləmdə baş verən konfliktlər virtual formaya çevrilib. Bu gün öz aqressiyasını virtual aləmdə reallaşdıran şəxsləri virtual məkandan da uzaqlaşdırsan, o hardasa yenə öz aqressiv davranışlarını reallaşdıracaq.
Bu sadəcə cavanların konfliktə daxil olmaq üçün yolları rahat edib. İnsanın içində aqressiya varsa mütləq bu aqressiya haradasa biruzə verəcək. Digər tərəfdən sosial şəbəkələr normal ünsiyyət üçün də istifadə edilir. Normal şəkildə bölüşüb, pozitiv şəkillər də paylaşılan profillər kifayət qədərdir. Bu baxımdan problemin məhz insan faktorunda cəm oluğunu düşünürəm. Yəni sosial şəbəkələr sadəcə vasitədir, ən əsası onun kimun əlində olmaısıdır".

Psixoloq Dəyanət Rzayev deyib ki, insan gərək ətrafı, qohumlarl ilə sıx ünsiyyət qursun ki, real aləmdə ünsiyyət problemi daha yaxşı hiss etsin: "Mən sosial şəbəkənin aqressiyanı azaltdığını düşünürəm. Ümumiyyətlə qəbul edilib ki, aqressiyanı ən ciddi şəkildə azaldan əmək terapiyasıdır. Əgər bu gün ölkədə işsizlik hökm sürürsə onda insanlar öz diqqətini sosial şəbəkələrə cəm ediblər. Əhali ölkə reallığı ilə bağlı yaranan aqressiyasını sosial şəbəkələrdə realizə edirlər. Sosial şəbəkələr də insanda müəyyən enerji aparır. Uzun müddət sosial şəbəkədə olan şəxslər yorulur və onun aqressiya nümayiş etdirməsi real olmur. Digər tərəfdən bu gün bir çox insan öz işlərini elə sosial şəbəkələr vasitəsi ilə həyata keçirdir.
Elə bu da insanın işgüzarlığına kömək edir. Təbii ki, sosial şəbəkələrin cavanlarda, uşqlarda özünə qapanma tendensiyası yaradır. Amma bu o qədər də geniş yayılmayıb. Doğrudur ki, sosial şəbəkələrdə daha çox vaxt keçirdən uşaqlar real ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Bu da gənclərdə özünəqapanma hissi yaradır. Bu tendensiyanı da yenə insan özü aradan qaldıra bilər. İnsan gərək ətrafı, qohumlarl ilə sıx ünsiyyət qursun ki, real aləmdə ünsiyyyət problemini daha yaxşı hiss etsin".

"Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib ki, aqressiya əsasən yaradıcılığını, müsbət enerjisini düzgün istiqamətdə sərf etməyən insanlarda əmələ gəlir: "Elə sovet dövründə də cavan uşaqlar mütəmadi vuruşurdular, aqressiya nümayiş etdirirdilər. Amma həmin vaxtlarda o faktlar aşkarlanmırdı. Əslində məktəbdə uşaqların dalaşması mütəmadi baş verən bir prosesdir. Təbii ki, bıçaqlanma istisna bir olaydır.

İnsanlar virtual məkanda da öz fikirlərini etirazlarını ifadə edirlər. Bununla da daxildə yığlıan aqressiyanı sərf edirlər. Amma virtual aləmdəki bu gərginlik real həyatda hansı fəsdadlara səbəb ola bilməsi ciddi araşdırma tələb edir. Əslində aqressiya həyatdan, ətrafdan, baş verənlərə narazılıqlardan, öz yaradıcılığını, müsbət enerjisini düzgün istiqamətdə sərf etməyəndə əmələ gəlir".
Milli.Az