A–
Bakı, 20 mart, AZƏRTAC
Kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyevin “İşıq gələn tərəf" filmi Avropanın nüfuzlu beynəlxalq kino festivallarını fəth etməkdə davam edir. Belə ki, ötən ilin noyabr ayından başlayaraq bu filmi festivalların əsas proqramına salınıb.
AZƏRTAC xəbər verir ki, hazırda film İsveçrədə “30-cu beynəlxalq Fribourg film festival”ında ölkəmizi təmsil edir. Ekran əsəri eyni zamanda aprel ayında İtaliyada keçiriləcək “Skepto Beynəlxalq film festival”ına dəvət alıb.
Qeyd edək ki, "İşıq gələn tərəf" filmi bundan əvvəl Parisdə keçirilən "13th International Signs of the Night" film festivalında münsiflərin xüsusi mükafatina (special mention) layiq görülüb. Bu ekran əsəri Fransada keçirilən, nüfuzuna görə qısa filmlərin Kanı adlandırılan daha bir mötəbər “38th Clermont Ferrand Short” film festivalın əsas proqramında iştirak edib.
Rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyev bildiriblər ki, "İşıq gələn tərəf"in qısa vaxtda bu qədər beynəlxalq festivalda iştirak etməsi filmin aktual mövzu seçimi ilə əlaqədardır. Bu da deməyə əsas verir ki, filmi qarşıda hələ çox festivallar gözləyir.
Ekran əsərinin prodüseri Emin Nəsirli, quruluşçu operatoru Elman Əliyevdir. Bir ailənin hekayəsini əks etdirən bu filmdə aktyorlar Anar Səfiyev, Hüsniyyə Əhmədova, Qədir Həsənov, Elmir Əliyev və Günel Əliyeva rola alıblar.
AZERTAG.AZ :“İşıq gələn tərəf” filmi daha bir beynəlxalq festivalda ölkəmizi təmsil edir