Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (71-ci say) təqdim edir.

Xəbərlərə keçməzdən öncə Qulpqoyan dayının və ömür-gün yoldaşının Novruz təbriklərini diqqətinizə çatdırıram. Təbrik məktubu uzun olduğundan burada yazmağa imkan yoxdur. Bir cümləylə onu deyə bilərəm ki, həm Qulpqoyan dayı, həm də xanımı özünüzün özünüzə arzuladığınız bütün arzulara qoşulurlar. Lap tamadasayağı təbrik oldu ha...

Xumar Qədimova çoxdandır müsahibə vermirdi. O gün atəşkəsi pozub, xeyli şəxsi və qeyri-şəxsi söhbətlər edib. Deyib ki, mən qeyri-adiyəm, beş dəqiqə sonra verəcəyim qərarı heç kim bilmir, tələbə vaxtı da fərqli olmuşam, fərqlilik o qədər güclü olub ki, yaşlı bir müəllimlə sevgi macərası da yaşamışıq. İntəhası, bir-birinin əlinə belə toxunmayıblar. Bu yerdə Qulpqoyan kişi deyir ki, inanan daşa dönsün. Nə başınızı ağrıdım, tapıb özünüz müsahibəni oxuyarsınız.

İş o həddə çatıb ki, 37 ildir eyni imicdə olan Telli Borçalı müğənni Natəvan Həbibinin ayaqqabısı haqda danışıb. Deyib ki, Natəvanı harada görürəmsə, tutub öpürəm, sonra qucaqlayıram. Natəvan da əlimdən güclə qaçıb canını qurtarır. Axırda da əlavə edib ki, Natanın 1700 manatlıq ayaqqabı geyinməsinə xeyli xoşhal olub:

"Niyə də olmasın ki? Əgər o ayaqqabı Natəvanın xoşuna gəlibsə, qoy ondan da bahalısını alsın. Deyə bilmərəm ki, 5-10 minlik geyim, yaxud ayaqqabı geyinirəm. Əgər bir geyim mənə yaraşırsa, onun qiyməti mənim üçün önəm daşımır. Şərt o deyil ki, mütləq brend olmalıdır. Nə geyinib-geyinməməyindən asılı olmayaraq əsas odur ki, insanın daxili gözəl olsun".

Yeri gəlmişkən, eşitdiyimə görə, Telli bu yaxınlarda imicində inqilabi dəyişiklik edəcək. Belə ki, sənətçi gözünün üstünə vurduğu yaşıl rəngli kirşandan imtina edib. İndidən dünyanın dəb ikonaları bu yeniliyi səbirsizliklə gözləyirlər.

Aparıcı Zemfira Adıgözəlova (öyrətmək kimi çıxmasın, Zemfira aidiyyatı qurumlara müraciət edib soyadını "Adıvəözügözəlova" elətdirə bilər) gecə efiri hazırlayırmış. İntəhası, bizi bu verilişdən bir mərdiməzar rejissor məhrum edib. İndi payız aylarını gözləməliyik. Çünki Zemfiranın başı film çəkilişinə qarışıb.

Rəhmətlik Kayahanın ili ya çıxıb, ya çıxmayıb, indidən arvadıyla birinci nikahdan olan qızı arasında mal-mülk davası başlayıb. Davanın detallarıyla işim yox. Amma bir şey məni xeyli düşündürür. Fikir vermişəm, son illərdə dünyasını dəyişən məşhurların mülkü üstündə şıdırğı dava gedir. Acı həqiqətdir... Bəzən isə meyit ortadaykən belə qovğalar başlayır...

Bir dəfə məni iş yerimdən kinoteatra göndərdilər ki, təzə film var, onun təqdimatından yazı hazırlayarsan. Dedim, xub! Filmin adı belə idi - "Bozun 50 çaları". Qardaş, sənin qadan alım, mən nə qələt elədim buraya gəldim. Bu baş rolda oynayan zalım oğlunun gədəsi arvadların başına nə oyun açır. İlahi... bu gədə kinodakı arvadları gah şallaqlayır, gah divara dırmaşdırır, gah nə bilim nə... gah salyanlılar demişkən, beinsafçılıq eləyir. Yaza da bilmirəm e. Həmin aktyor Ceymi Dornan ikinci dəfə ata olub. Otuz üç yaşlı aktyorun xanımı Ameliya Uorner körpəsini hələ fevralın ortalarında dünyaya gətirsə də, cütlük bunu mediadan gizlədirmiş. Xəbəri oxuyan kimi bilirsiniz ilk olaraq ağlıma hansı sual gəldi? Sual-zad gəlmədi. Eləcə düşündüm ki, bu zalım qızı Ameliya tankdır, tank.

Bir müğənni işçilərinə qadağa qoyub ki, sosial şəbəkədə haqqımda nə yazsalar, mənə deyib, qanımı qaraltmayın. Deyib, ta heç zad vejimə döyül, lap dombalaq aşsam da özüm bilərəm. Bu yerdə deyiblər ki, utanmasan, dombalaq aşmağa nə var ki? O ki qaldı sənətçinin adına, bir adamı bir neçə həftə reklam etməyə icazəm yoxdur.

Bizim sənətçilərin kişi üstündə saçyolduya çıxdığı bir vaxtda Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri, aktrisa Ancelina Coli Livana gedib. Bizimkiləri buradan-buraya Salyana toya çağıranda ikiqat qiymət oxuyurlar köpəkusağı. Coli isə gedib Bekaa vadisində suriyalı qaçqınlarla görüşüb. Sonra mətbuat konfransı keçirib və evsiz insanlara kömək edən bütün ölkələrə təşəkkürünü bildirib:

"Mən bir milyondan çox suriyalının həyatını xilas etdiyi üçün Livan xalqına təşəkkür edirəm. Siz dünyaya xeyirxahlığın, insaniyyətin, möhkəmliyin və cəsarətin nümunəsini verirsiniz".

Deməyə bircə söz qalır. Sənin qadan düşsün buranın "kimin gecəsi neçəyədir" sualı ətrafında illərdir baş sındıran xanımcığaz sənətçiciklərinin ürəyinə.

Rəqqasə Sevda deyib ki, həyat yoldaşımın ailəsi məni qəbul etmir. Buna görə Sevdaya səmimi təşəkkür düşür. Başqası olsaydı, bunu etiraf etməyi şanına kəsir bilərdi. Ən azı, səmimi etirafına görə sağ olsun. Amma indi gəlin görək, rəqqasə Fatimə nə deyir. Deyir ki, qızımı heç vaxt müğənniyə ərə vermərəm. İcazənizlə bir neçə saniyə gülmək haqqımdan istifadə edirəm...

...hə, güldüm, gəldim. Bəs bu Fatimədən soruşan olubmu ki, gör hansısa müğənni rəqqasə qızını almağa razıdırmı? Yaxud hansısa müğənni oğlan qaynanasının keçmiş də olsa, oriental rəqqasəliklə məşğul olmasına normal yanaşırmı? Düzdür, elə bir az öncə mən də müğənnilər barədə sərt fikirlərimi yazdım. Amma vallah, el arasında müğənnilik yenə də oriental rəqqasəlikdən bir az urvatlı hesab olunur. Başa düşürəm, məşədi xanımsınız, vaxtında göbək rəqsi oynamısınız, sonra tərgitmisiniz. Bütün bunları anlayışla qarşılayıram. Ancaq çıxıb məscid axundu kimi çıxışlar etməyə gərək yoxdur. Çox gülməli görünür axı.

Heç düşünərdinizmi ki, Sultan Süleymanın qiyafəsini nə vaxtsa Samir Bağırov geyinəcək? Adama deyərlər ki, o boyda ölkədə bir kişi tapmadınız ki, Sultan Süleymanın qiyafəsini geyindirəsiniz?..

Milli.Az