A–
Xaçmaz, 27 mart, Elxan Yusifli, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 27-da səkkiz rayonu təmsil edən şagirdlərdən ibarət qruplar Xaçmaz rayonunun görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Ağdaş, Şirvan, Göyçay, Kəlbəcər, Xocalı, Ağdam, Xocavənd və Laçın rayonlarını təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar. Məktəblilər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Xaçmaz rayonu geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Buranı parklar və muzeylər şəhəri adlandırırlar. Bununla yanaşı, Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Qonaqlar şəhərdəki yeni inşa olunan Heydər Əliyev Mərkəzində də olublar.
Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
Məktəblilər Xaçmaz Dövlət rəsm qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.
Meydan və Çənlibel parkında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq yola salınıblar.
AZERTAG.AZ :Tur-aksiya iştirakçıları parklar və muzeylər şəhəri Xaçmazda







