A+
A–

Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə təşkilatçılığı ilə "Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda konfrans keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov kütləvi informasiya vasitələrinin dövlət və cəmiyyət həyatındakı müstəsna rolundan danışıb. Rəhbəri olduğu qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Qorxmaz Hüseynov Fondun dəstəyi ilə keçirilən görüşün ictimaiyyətin "Azərsu" ASC-nin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə dolğun şəkildə məlumatlandırılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib.
Görüşün məqsədi barədə danışan Fondun icraçı direktoru Vüqar Səfərli ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmini, habelə fikir, söz və məlumat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini xatırladıb.
İcraçı direktor Fondun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə dövlət qurumları ilə birgə tədbirlər və fərdi jurnalist yazıları müsabiqələri təşkil etdiyini deyib. O, "Azərsu" ASC-də keçirilən konfransın qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə sanballı töhfə verəcəyini vurğulayıb.
Sonda "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov tədbirin və birgə müsabiqənin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkür edib, həmçinin KİV-lərin iştirakı ilə belə görüşlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
AZERTAG.AZ :Fond “Azərsu” ASC ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan etdi
Fond “Azərsu” ASC ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan etdi