Azərbaycan səfiri Pakistanın televiziya kanalına Xocalı soyqırımı ilə bağlı müsahibə verib

Azərbaycan səfiri Pakistanın televiziya kanalına Xocalı soyqırımı ilə bağlı müsahibə verib
20:53 19 Fevral 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+


İslamabad, 19 fevral, AzərTAc
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkənin “Vakt” televiziya kanalına Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar müsahibə verib.
Kanalının baş redaktoru Caved Siddiqiyə verdiyi müsahibədə səfir Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı söhbət açıb.
D.Şikarov Gülüstan və Türkmənçay sazişləri, Birinci və İkinci dünya müharibələrindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycana köçürülməsi, Ermənistanın Azərbaycanın tarixi torpağı olan İrəvan xanlığında yaradılması, 1905-ci, 1907-ci və 1918–ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımının törədilməsi haqqında ətraflı məlumat verib. Müsahibədə soydaşlarımızın Ermənistandan Azərbaycanın Kür-Araz ovalığı və Muğana köçürülməsi, 1988–ci ildə Azərbaycana ərazi iddiaları irəli sürən Ermənistanın orada yaşayan 200 mindən çox azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin salmasından da danışılır.
Səfir münaqişə nəticəsində Dağlıq Qarabağ və ətrafdakı 7 rayon da daxil olmaqla Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu vurğulayıb, bunun da nəticəsində 1 milyon azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. Qeyd edilib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalı, bu ərazilərdə etnik təmizləmə siyasəti aparması, hərbi cinayətlərin törədilməsi, separatçı rejimin yaradılmasına görə məsuliyyət daşıyır.
Müsahibədə Xocalı soyqırımına ətraflı yer verilib.
Dağlıq Qarabağ münaqişəsinin hüquqi tərəflərindən danışan D. Şikarov BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyən, Ermənistandan işğal etdiyi ərazilərdən hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edən 4 qətnamənin qəbul edildiyini bildirib.
Səfir deyib ki, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA və digər beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələr qəbul edib. Qeyd olunub ki, Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılmış separatçı qurumun qeyri-qanuniliyi dəfələrlə beynəlxalq səviyyədə təsdiq edilib, qondarma qurum beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.
Qeyd edilib ki, Pakistan Senatı 2012-ci il fevralın 1-də və 2013-ci il mayın 10-da qəbul edilmiş qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib və BMT TŞ-nin qətnamələrinin icra edilməsini, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan ordusunun qeyd-şərtsiz çıxarılmasını tələb edib. Birinci qətnamədə Pakistan Senatı Xocalı soyqırımını rəsmən tanıyıb və bu cinayətin arxasında duranların məsuliyyətə cəlb olunmasını tələb edib. Qardaş Pakistana tutduğu mövqeyə görə dərin minnətdarlığını bildirən səfir bu addımı Pakistan dövlətinin ədalət prinsiplərinə sadiqliyi, beynəlxalq hüquqa hörməti və səmimi dostluğun təzahürü kimi qiymətləndirib.
Müsahibədə D. Şikarov siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə Azərbaycan-Pakistan münasibətlərinə dair sualları da cavablandırıb. Səfir Pakistan Prezidenti Məmnun Hüseynin bu ilin mart ayında Azərbaycana planlaşdırılan səfərini iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edəcəyini bildirib.
Diplomat, eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Pakistanın ali ordeni ilə təltif etdiyinə görə Pakistan Prezidentinə minnətdarlığını bildirib.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefiri_Pakistanin_televiziya_kanalina_Xocali_soyqirimi_ile_bagli_musahibe_verib-833518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR