A–
Zaqatala, 1 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin birinci rübündə “Aqrolizinq” ASC-nin Zaqatala rayon aqroservis filialına fermerlərə güzəştli şərtlərlə verilmək üçün 1011 ton azot, həmçinin 198 ton nitroammofoska və amofos gübrələri gətirilib. Ötən müddət ərzində istehsalçılara 771 ton azot, 63,5 ton nitroammofoska və 134,5 ton amofos gübrəsi satılıb.
Bu barədə AZƏRTAC-a filialın rəsmisi Xalis Mahalov məlumat verib.
Qurumun təmsilçisinin bildirdiyinə görə, hazırda filialın anbarında 240 ton azot gübrəsi qalıb və satış davam edir. Nitroammofoska və amofos gübrələri isə artıq satılıb qurtarıb.
Bundan əlavə, alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması üçün bir müddət əvvəl aqroservis filialına 1913 litr pestisid də gətirilib və fermerlərə verilməsinə başlanılıb.
Xatırladaq ki, fermerlərə satılan mineral gübrələrin dəyərinin 70 faizi dövlət, 30 faizi isə istehsalçının özü tərəfindən ödənilir.
AZERTAG.AZ :Zaqatalalı fermerlərə güzəştli şərtlərlə 969 ton gübrə verilib



