A+
A–

Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov Azərbaycan Respublikasının fövqəladə hallar atlasının hazırlanması barədə məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyev 2016-ci il martın 2-də “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında Sərəncam imzalayıb. Sənəddə redaksiya heyətinin tərkibi və proqram layihəsi təsdiqlənib. Akademik Ramiz Məmmədov atlasın məsul katibi təyin olunub. Əsas icraçılar AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutu, Geologiya və Geofizika İnstitutudur.
Bildirilib ki, Azərbaycanda atlasın yaradılması istiqamətində işlər iki il əvvəl başlanıb və Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra sürətlənib.
Alim ölkəmizin inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşdiyini, bu amillərin qarşılıqlı təsirinin ildən-ilə fəallaşmasının nəticəsində sel, daşqın, zəlzələ, sürüşmə, quraqlıq, yanğın və digər bu kimi təbii-dağıdıcı hadisə və proseslərin ekoloji mühitə təsirinin artdığını diqqətə çatdırıb. Bu baxımdan atlasın yaranmasının zəruriliyini xüsusi qeyd edən akademik onun redaksiya heyəti, icraçıları, məqsəd və vəzifələri, xəritələrin siyahısı, tədqiqatın metod və vasitələri, gözlənilən nəticələr və s. barədə banışıb. R.Məmmədov qeyd edib ki, proqram layihəsini hazırlayarkən bir sıra qabaqcıl ölkələrin müvafiq atlaslarını nəzərdən keçirib, müsbət halları hazırkı layihənin tərtibində tətbiq etməyə çalışıb. Xarici mütəxəssislərin qabaqcıl təcrübəsindən istifadə etmək məqsədilə onların treninqlər keçirməsi üçün ölkəmizə dəvət olunmaları nəzərdə tutulur. Atlasın hazırlanması üçün 200-dən artıq xəritənin tərtibinə ehtiyac olduğu bildirilib.
Hazırlanacaq xəritələrin sahələr üzrə bölgüsü aparılıb.
AZERTAG.AZ :Azərbaycan Respublikasının fövqəladə hallar atlası yaradılır
Azərbaycan Respublikasının fövqəladə hallar atlası yaradılır