Qəza, bədbəxt hadisə və bu kimi hallarda vətəndaşa dəyən ziyanın minimuma endirilməsi üçün sığorta ən optimal variantlardan biridir. Elə avtomobillərin icbari sığortası da bu məqsədə xidmət edir. Lakin bəzi hallarda vətəndaşlar sığortanı almaqda müəyyən çətinliklərlə üzləşirlər. Yəni dəyən ziyanın qarşılığını almaq üçün sığorta müqaviləsində əks olunan tələblərin sübuta yetirilməsində vətəndaş acizlik göstərir. Ancaq bu məsələdə birmənalı olaraq sığorta şirkətlərini günahkar saymaq olmaz.
Bu kimi suallarla bir çox sürücülər üzləşirlər. Kəpəz TV (Region TV) xəbər verir ki, bəzi sürücülər sığorta şirkətlərini müqavilədə göstərilən qaydalara düzgün əməl etməməkdə günahlandırırlar. Əslində, avtomobillərin icbari sığortası ilə bağlı bir çox məqamlar var. Hansı ki, bunların dəqiq mahiyyətini bilməmək bir çox hallarda sığorta şirkəti və avtomobil sahibi arasında mübahisələrin yaranmasına səbəb olur. Bir çox hallarda avtomobil sahibinə sığorta şirkəti tərəfindən ödəniləcək məbləğin verilməsi gecikir.
Bütün rəsmi prosedurlar həyata keçirildikdən 7 gün sonra zərərçəkənə ödəniş həyata keçirilir. İcbari sığortadan fərqli olaraq, könüllü sığorta sürücü və sığorta şirkəti arasında könüllük prinsipi əsasında bağlanılır. Hər hansı qəza və bədbəxt hadisə zamanı avtomobilə dəyən zərər müqavilə şərtləri əsasında tam olaraq avtomobil sahibinə ödənilir.
Milli.Az