"Bu şəhərdə" komandasının prodüseri Müşviq Abbasov cəbhə bölgəsinə yollanan və fotolarını sosial şəbəkədə paylaşan sənət adamlarını tənqid edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, prodüser onları özlərini reklam etməkdə günahlandırıb:
"Bu günlərdə bizi bir çox həmvətənlərimiz, igidlərimiz, qəhrəmanlarımız ruhlandırdı. Yüz faiz qələbələrə əmin və zamin etdi. Amma fürsətdən istifadə edərək bəzi gədə-güdələr, alçaqlar, səviyyəsizlər (qeyd: müğənni, prodüser, jurnalist, siyasətçi, telekanal əməkdaşı və s.) özlərini reklam etməklə ifrat hissi oyatdı. Min şükür ki, kişilər "o" birilərdən çoxdur. Var ol, Azərbaycan, var ol, Azərbaycan zabiti və əsgəri!"
M.Abbasovun bu sözləri müğənni Xatirə İslamı özündən çıxarıb. İfaçı prodüserin bu ittihamlarına sərt cavab verib:
"Bu yazını gördüm və həyatı boyu inanmıram ki, bunu Müşviq yazıb. Başa düşmədim, insanların şəhid evlərinə, yaralılara baş çəkməsi niyə Müşviqə pis təsir edib ki? Bəlkə, bir az getməyə gecikib deyə əsəbidir. Vallah, bilsəydim, təklif edərdim, birlikdə gedərdik. Ay Müşviq, sənət adamlarının oralara qədər gedib çıxması və bunun İnstaqrama verilməsi nə qədər oğullarımızda ruh yüksəkliyi yaratdı, bilirsən? Bu paxıllığa son qoyun, bəsdirin. Bircə onu bilirəm ki, mən getdim və sonra bütün millət ayağa qalxdı. Bəli, kişilərimiz çoxdur, amma səni Tərtərdə görmədim. Gördüm, sən getmirsən, mən getdim də, bunun nəyi pisdir? Müğənniləri, prodüserləri pisləmək sənə yaraşmaz. Əzizim, ssenarində bir dəfə müğənniləri parodiya etmə, onları ələ salıb xalqa güldürmə. Görüm onda zalı doldura bilirsən? Kişi nədir, qadın nədir? Bu nə cinsiyyət söhbətləridir edirsiniz? Yığışın gedin, yas mərasimlərində iştirak edin. Artıq-əskik danışmayın, düşməni güldürməyin. Sözlərim xoşuna gəlməsə, yığarsan, daha ətraflı başa salaram. Hörmətlə, Xatirədən "Bu şəhərdə" Müşviq Abbasova".
Prodüser Tarix Əliyev də (Tolik) M.Abbasovun bu sözlərini qınayıb:
"Bunu Müşviq yazıbsa, məncə, böyük səhv edib. Belə baxsan, Müşviqdən çox əsgər yanına getmişik, yardımlar da etmişəm. Hələ bu günə qədər heç bir yardım kampaniyasında nə Müşviqi, nə də komandasını görmüşəm. Konsert verib, cibini doldurmaqla deyil, sən də belə yaxşı "kişisən"... Özün yazdığın kimi "o" dediklərin səndən yaxşı oldu, getdi. Tərtər əsgərləri də onu səndən yaxşı qəbul etdilər. Ən əsas da bunu etdi. Yaxşı ki, bunların yanında eyib işimiz yoxdur, özləri evdə oturub kişilikdən dəm vururlar. Edənləri də bəyənmirlər. Kişilikdən danışanlar, bəlkə, əyninizə hərbi forma geyinib, könüllü gedəsiniz? Onsuz da bəzilərinə ad verməyəcək. Bir də yadıma düşdü: kişiliyimə şübhəsi olanlar, hələ bəziləri kimi başqasının qarşısında təlxəklik etmirəm. Kişilik əməldə olmalıdır..."
Qeyd edək ki, son günlər baş verənlərlə əlaqədar prodüser Tolik, müğənnilər Elton Hüseynəliyev, Xatirə İslam, Manaf Ağayev, Nadir Qafarzadə, Aysel Əlizadə, Sevil Səfərova, Zemfira İbrahimova, idmançı Kamil Zeynallı və başqaları əsgərlərə dəstək üçün cəbhə bölgəsinə yollanmışdı.
Milli.Az