Əməkdar artist Elza Seyidcahan şəhid olan Mahir Quliyevin ailəsinə baş çəkib.
Axşam.az-a açıqlama verən müğənni təəssüratlarını bölüşüb:
"İşlərimin çoxluğu ilə əlaqədar rayonlara əsgərlərimizin yanına gedə bilmədim. Ona görə də Bakıda şəhid ailəsinə baş çəkdim. Neçə gündür onun anası, bibiləri, nənələri onunla bağlı xəbər gözləyirdilər. Ailəsi pərişan halda idi. Onlara təskinlik verməyə çalışdım. Şəhidlik zirvəsi hər adama nəsib olmur. Orada olarkən fotolarımı məndən xəbərsiz çəkib, yollayıblar".
E.Seyidcahan əsgərlərə dəstək üçün cəbhədə konsert verən müğənnilərdən də danışıb. O, sənət dostlarının bu addımını alqışladığını deyib:
"Elnur Məmmədov və Qoçaq Əsgərovun Lələ Təpədə muğam oxumasını eşidən də ağladım. Manaf Ağayev, Elnur Füzuliyə getməsəydi, onları qınayardım. O torpaqda böyüyən birinin sevincini yaşamaq üçün ora yollanmasını necə pisləmək olar? Əsgərlərimizə baş çəkən, dəstək olan bütün sənət dostlarımı alqışlayıram. "Sevinci paylaşarsan çoxalar, kədəri paylaşarsan azalar" deyimi ilə razıyam".
E.Seyidcahan "Bir yumruq olaq" şeirinə qələbə marşı yazdığını söyləyib. O, marşı yaxın günlərdə təqdim edəcəyindən xəbər verib.
