Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, prezident Serj Sarkisyanın təyyarəsini partlatmağı planlaşdıran cinayətkar qrupun üzvlərindən biri olan Aqasi Martirosyan bazar ertəsi azadlığa buraxılıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "news.am" saytına vəkil Liana Balyan məlumat verib.

"MTX-nin istintaq orqanı Martirosyanın həbs müddətinin uzadılmasını məqsədəuyğun hesab etmədi", - deyə o bildirib.
Martirosyan cinayətkar qrup ilə əməkdaşlıqda ittiham olunurdu.
MTX 25 noyabr 2015-ci il tarixində İrəvanda 1997-ci ildən İspaniyada yaşayan və 2015-ci ilin aprelindən müvəqqəti olaraq paytaxta yerləşmiş Ermənistan vətəndaşı Artur Vardanyanın başçılıq etdiyi silahlı qruplaşmanın saxlandığını bildirib.
Qurumun məlumatına görə, qrup noyabrın 29-da BMT-nin İqlim sammitində iştirak etmək üçün Fransaya uçmalı olan prezident Serj Sarkisyanın təyyarəsini partlatmağı planlaşdırıbmış.
İş üzrə 30-dan çox şəxs həbs olunub.

Milli.Az