A+
A–

Kiyev, 14 aprel, AZƏRTAC
Tanınmış Azərbaycan rəssamı və kurator Səbinə Şıxlinskaya həmkarı İmke Rust (Almaniya/Namibiya) ilə birlikdə aprelin 13-də Ukraynanın Dnepropetrovsk şəhərində start götürən üç günlük “Dialoqlar” Beynəlxalq layihəsində iştirak edir. Bunu AZƏRTAC-a layihənin həmtəşkilatçısı, Dnepropetrovsk şəhərindəki Azərbaycan-Ukrayna Gənclər İttifaqının rəhbəri Zəminə Bayramova məlumat verib.
Xatırladaq ki, Səbinə Şıxlinskayanın əsərləri 1983-cü ildən Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda sərgilənir. Azərbaycan Rəssamlar İttifaqı üzvünün rəsm, qrafika, foto və videoinstallyasiya janrında əsərləri dövlət və şəxsi kolleksiyalarda, o cümlədən Dövlət Tretyakov Qalereyasında (RF), Azərbaycanın Müasir İncəsənət Muzeyində, “HumaKabakci” (Türkiyə) kolleksiyasında saxlanılır.
Səbinə Şıxlinskaya 1993-cü ildən istər Azərbaycanda, istərsə də xarici ölkələrdə 50-dən çox sərginin və layihənin kuratorudur. 1996-ci ildə onun təşəbbüsü ilə “Labirint” müstəqil bədii qrupu yaradılıb. S.Şıxlinskaya 1999-2005-ci illərdə “Labirint” qrupunun və xarici rəssamların iştirakı ilə Azərbaycanda beş Land-Art simpoziumlarına və təqdimatlarına kuratorluq edib.
Səbinə xanım aprelin 13-də “Şəhər məkanına bədii müdaxilələr” mövzusunda mətbuat konfransında iştirak edərək, yaradıcılığından, yaxın planlarından və layihələrindən danışıb, ukraynalı və başqa xarici həmkarları ilə diskussiyalarda iştirak edib, jurnalistlərin suallarına cavab verib.
Tədbirdə rəssam, kurator İmke Rust, AFR-in Donetskdə baş konsulu Volfqanq Messinger, layihənin əlaqələndiricisi) İrina Polikarçuk, Nikita Şalyonnı hər ikisi Ukrayna), Zəminə Bayramova və başqaları iştirak ediblər.
Aprelin 14-də S.Şixlinskaya “Müasir cəmiyyətdə müharibə, terror və zorakılıq” mövzusuna həsr olunmuş bədii və kurator layihələrinin təqdimatını keçirəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
AZERTAG.AZ :Rəssam Səbinə Şixlinskayanın yaradıcılığı sərhədsizdir
Rəssam Səbinə Şixlinskayanın yaradıcılığı sərhədsizdir