A+
A

Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 2-5-də erməni işğalçı ordusunun həyata keçirdiyi silahlı təxribat Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşayan həmvətənlərimizdə hiddət doğurub. Bununla bərabər, Qarabağda bir sıra strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi azərbaycanlıları ruhlandırıb, hədsiz sevindirib və böyük qələbənin uzaqda olmadığına dair inamı gücləndirib. Bu üç gərgin gündə Azərbaycan Milli Ordusunun qəhrəman əsgər və zabitləri düşmənə güclü zərbələr endirib, ələ keçirilən yüksəkliklərdəki mövqelərini möhkəmləndirib, yüzlərlə düşmən əsgəri və onlarla hərbi texnikanı məhv ediblər. 22 ildə ilk dəfə düşmənə sarsıdıcı zərbə vurulub. Düşmən silah və hərbi texnikanı ataraq döyüş meydanından rüsvayçılıqla qaçıb.
Sverdlovsk vilayətində yaşayan 50 min azərbaycanlı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə qazanılan qələbəyə görə minnətdarlıqlarını və onun siyasi qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əminliklərini bildirib.
Cəbhə xəttində erməni təxribatların qarşısının alınması, işğalçılara vurulan sarsıdıcı zərbə bu gün müstəqil Azərbaycanın öz əzəli torpağını təcavüzkardan azad edə bilən silahlı qüvvələrə malik olduğunu göstərib.
Bütün Uraldan - Nijni Tagil, Aramil, Petropavlovsk, İrbit, Turinsk, Alapayevsk, Kuşva və digər regionlardan olan yüzlərlə həmvətənimiz düşmən hücumlarının dəf edilməsində həyatlarını itirən şəhidlərin xatirəsini yad etmək üçün vilayət mərkəzi olan Yekaterinburqa gəliblər. Beləliklə, onlar azərbaycanlıların birlik və dəyanətini nümayiş etdiriblər.
Tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk vilayət bölməsinin sədri Şahin Şıxlinski çıxış edib. O deyib: “Uralda olan hər bir azərbaycanlı əsgər və zabitlərimizin şəhid olması ilə əlaqədar hüzn içindədir. O günlərdə qəhrəmancasına həlak olan hərbi qulluqçularımızı heç vaxt unutmayacağıq. Onlar şücaət və cəsarətləri ilə Vətənimizə şöhrət gətiriblər”.
“Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”. Xaricdə yaşayan həmvətənlərimiz Prezident İlham Əliyevin bu sözlərinə tam şərikdirlər. Bu gün hər bir azərbaycanlı doğma torpağının müdafiəçiləri sırasına qoşulmağa hazırdır. Biz dövlətimizin başçısını dəstəkləməyə hazırıq və əminik ki, Dağlıq Qarabağ Vətənimizin ayrılmaz hissəsi olub və olacaq.
Tədbirdə çıxış edən Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov, Sverdlovsk vilayətinin Ağsaqqallar Şurasının sədri Xıdır Məlikzadə, Azərbaycan Gənclər Təşkilatının fəalı Toğrul Həsənzadə və digərləri vurğulayıblar ki, onlar tarixi vətənlərini müdafiə etməyə və onun naminə öz həyatlarını qurban verməyə hazırdırlar.
Sonda ehsan verilib, şəhidlərimizin ruhuna dualar oxunub.
AZERTAG.AZ :Həmvətənlərimiz Sverdlovsk vilayətində şəhidlərimizin ruhunu yad ediblər
Həmvətənlərimiz Sverdlovsk vilayətində şəhidlərimizin ruhunu yad ediblər